news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 dekabr 2012

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 19-cu İclasında çıxışı

Qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 19-cu İclasında çıxışı

Dublin, 6 dekabr 2012-ci il

Cənab Sədr,

Hörmətli həmkarlar,

Mən cənab Eamon Gilmor və onun komandasına Dublin Nazirlər Şurasının İclasının mükəmməl təşkili və bizim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

Mən həmçinin təşkilatın gələcək sədri kimi hörmətli ukraynalı həmkarımız cənab Konstantin Qrişenkonu salamlayır və ona gələcək işlərində uğurlar arzulayıram.

Məndən əvvəl çıxış edənlərə qoşularaq Monqolustanı tam hüquqlu üzv dövlət kimi ATƏT ailəsinə daxil olması münasibətilə təbrik edir və əmin olduğumu bildirirəm ki, sizin təşkilata üzvlüyünüz gələcəkdə təşkilatın dəyər və ideyalarının təbliğinə töhfə verəcəkdir.

Xanımlar və cənablar,

Azərbaycanın ATƏT-ə üzv olduğu vaxtdan biz Avropa və onun qonşuluğunun siyasi səhnəsində misli görünməmiş dəyişikliklərin şahidi olmuşuq. Mən vurğulamaq istərdim ki, ATƏT dialoq və əməkdaşlığı təbliğ edən yeganə Avropa miqyaslı platforma kimi bu dəyişən siyasi mühitin sabitləşdirilməsində əvəzsiz rol oynamışdır.

Eyni zamanda, biz ATƏT-də işlərin cari vəziyyətinə və təhlükəsizliyin mürəkkəb çağırışlarından öhdəsindən səmərəli gəlməsi məsələsində nikbin deyilik. Təəssüf ki, son illərdə Təşkilat daxilində işlərin həm mahiyyətində, həm də metodlarda bir sıra ciddi nöqsanlar mövcud olmuşdur. Nəticədə, ATƏT-in Avropa miqyasında təhlükəsizlik sistemindəki rolu azalmaqdadır.

Azərbaycan heç bir hərbi blok və ya ittifaqın üzvü deyil. ATƏT-in təhlükəsizliyin təminatçısı rolu bahasına hərbi blokların fəaliyyətinin koordinasiyası üçün istifadə olunan bir platformaya çevrilməsi bizi narahat edir. Bu səbəbdən, qeyri-üzv dövlətin müvafiq siyasi və təhlükəsizlik zəmanətləri və onun təhlükəsizliyinə bloklararası əməkdaşlığın təsiri aradan qaldırılmayanadək, bu cür əməkdaşlığın və onun nəticələrinin dinamikasından asılı olaraq, Azərbaycan, prinsip etibarilə, ATƏT-in rolunun tənzimləməsi istiqamətində səyləri qəbul edə bilməz. Biz bu məsələnin "Helsinki +40" prosesi çərçivəsində həllini tapacağını gözləyirik.

Azərbaycan ATƏT-in münaqişələrin idarə olunması imkanlarının daha da gücləndirilməsində maraqlıdır. ATƏT-in mövcud öhdəlikləri və eyni zamanda təşkilatın Qərbi Balkanlardakı missiyalarının qazandığı təcrübəyə əsaslanaraq, ATƏT-in çoxmillətli sülhyaratma missiyalarında polis funksiyalarının genişləndirilməsi imkanları araşdırılmalıdır. Bu baxımdan, biz təşkilata üzv ölkələri və ATƏT-in müvafiq təsisat və qurumlarını sülyaratma əməliyyatlarında əməliyyat dəstəyinin verilməsində ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun mövcud potensialından və rolundan tam şəkildə istifadə etməyə çağırırıq.

Hörmətli həmkarlar,

Bu zalda oturan hər kəsə yaxşı məlumdur ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə beynəlxalq və regional sülhə ciddi təhdid təşkil etməkdə davam edir. ATƏT-in vasitəçilik səylərinə baxmayaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status kvonu günbəgün gücləndirir.

Ermənistan BMT-nin Nizamnaməsi və ATƏT qarşısındakı öhdəliklərini kobud şəkildə pozmaqla, Dağlıq Qarabağ regionu və Azərbaycanın yeddi ətraf rayonunun işğalını davam etdirmək məqsədilə gücdən istifadə edir və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına imkan vermir. Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması və Azərbaycana aid bütün tarixi və mədəni izləri silməklə demoqrafik tarazlığı öz xeyrinə dəyişməyə cəhd edir. Yalnız bu faktı xatırlatmaq yetərlidir ki, işğal olunmuş ərazilərdə Azərbaycana aid bütün tarixi və mədəni abidələr dağıdılmış və müqəddəs yerlər təhqir edilmişdir. Ermənistan işğal olunmuş ərazilərdə zəngin təbii ehtiyatları qeyri-qanuni istismar etməkdə davam edir. Rəsmi Yerevan Dağlıq Qarabağ regionunun Azərbaycanlı və Ermənistanlı icmaları dialoqun bərpa olunması istiqamətində irəli sürülən təşəbbüsləri rədd edir.

Ermənistan hakimiyyəti hətta regionun ətraf dünya ilə davam edən iqtisadi əməkdaşlığını şantaj etməyə çalışır. Bu səpkidə son zamanlar Ermənistanın bir sıra yüksək rütbəli hərbçiləri tərəfindən səsləndirilən bəyanatlar açıq-aşkar regionda, eləcə də Azərbaycanda mövcud olan enerji infrastrukturu və enerji şəbəkəsini təhdid edir. Bu addımlar aşkar şəkildə Ermənistanın potensial təhdidini əks etdirir, belə ki, bu ölkə nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqaz regionu və Avropa İttifaqının enerji təhlükəsizliyini hədəfə alır.

Digər narahatlıq doğuran məsələ Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən Xocalı hava limanından qanunsuz istifadə cəhdləridir. Beynəlxalq hüquqa zidd olan bu hiddətləndirici, təxribatçı və təhlükəli addım işğalın gücləndirilməsinə gətirib çıxarır, münaqişənin həlli prosesinə və regional təhlükəsizliyə zərbə vurur.

Münaqişənin uzun zamandan bəri həll olunmamış qalması ATƏT-in bir təşkilat kimi gücünü və səmərəliliyini əks etdirmir. Biz anlayırıq ki, münaqişənin həll olunmasında əsas rolu münaqişə tərəfi olan dövlətlər oynamalıdır. Eyni zamanda, münaqişənin həllinin əsaslarına gəldikdə, bizim hamımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında daimi həllinin tapılması istiqamətində səylərimizi əsirgəməməliyik.

Biz, inanırıq ki, regionda sülhə, sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığın alternativi yoxdur. Azərbaycan münaqişənin ən qısa zamanda danışıqlar yolu ilə həllində ən çox maraqlı olan tərəfdir. Bu məqsədlərə nail olmaq üçün biz aşağıdakıları təklif etmişik: 1) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işini dəstəkləmək məqsədilə bütövlükdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması və 2) yekun sülh razılaşmasının layihəsinin təyin olunmuş vaxt çərçivəsində hazırlanması istiqamətində əsaslı danışıqların başlanması. Biz əminik ki, belə bir razılaşma çıxışımda qeyd etdiyim bütün praktiki məsələləri həll edə və münaqişənin mərhələləli sülh yolu həlli planının hazırlanmasına gətirib çıxara bilər. Biz bu məsələdə ATƏT-ə üzv ölkələrin dəstəyinə arxalanırıq.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti