news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 may 2016

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və cənablar! Bildiyiniz kimi, mənim yaxın dostum Malta Respublikasının xarici işlər naziri cənab Corc Vella Bakıda rəsmi səfərdədir. Bu səfər çoxdan gözlənilirdi. Malta və Azərbaycan arasında xüsusilə enerji sahəsində əməkdaşlıq günü-gündən genişlənir. 2017-ci ildə Malta Avropa İttifaqına sədrlik edəcək. Biz cənab nazir ilə beynəlxalq və regional vəziyyətə dair həm təkbətək, həm də geniş tərkibdə ətraflı müzakirələr apardıq. İlk növbədə, cənab naziri Ermənistan-Azərbaycan münaqişəsi, cəbhə xəttində baş vermiş son gərginlik barədə məlumatlandırdım. Avropada miqrasiya məsələsinə toxunduq. Sonda üç sənəd imzaladıq: “Azərbaycan Respublikasının hökuməti və Malta Respublikasının hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Malta Respublikası hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici işlər nazirliyi ilə Malta Respublikasının Xarici işlər nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”. Enerji sahəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Maltanın müvafiq dövlət qurumu ilə əməkdaşlıq edir. Cənub Qaz dəhlizinə dair müzakirələr apardıq. Malta da bu layihə çərçivəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Sual-cavab:

Sual: Sualım Maltalı nazirədir. Qeyd etdiyiniz kimi, Malta 2017-ci ildə Avropa İttifaqına sədrlik edəcək. Ümumiyyətlə, Maltanın sədrlik edəcəyi dövrdə Azərbaycan ilə münasibətlərə dair prioritetləriniz nə olacaq? Siz viza məsələsini qeyd etdiniz. Amma Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişi imzalamaqda maraqlıdır. Maltanın sədrlik edəcəyi dövrdə bunu gözləyə bilərikmi? İkinci sualım münaqişə ilə bağlıdır. Azərbaycan üçün indi həssas dövrdür. Cəhbə xəttində mülki əhalimiz atəşə tutulur. Maltanın dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına münasibəti necədir? Növbəti sualım cənab nazir Elmar Məmmədyarovadır. Ötən gün Ermənistan mətbuatı prezident Serj Sarqsyanın danışıqlar prosesinə başlamaq üçün üç şərt irəli sürdüyünü açıqlayıb. Buna cavab olaraq, danışıqların başlanması üçün Azərbaycan tərəfinin də şərtləri varmı? Bir də siz Forum çərçivəsində qeyd etmişdiniz ki, həmsədrlər ilə görüş nəzərdə tutulur. Görüş üçün planlar nədən ibarətdir?

Elmar Məmmədyarov: Həmsədrlər ilə biz tam şəkildə təmasdayıq. Gələn ayın ortalarında çox güman ki Brüsseldə həmsədrlər ilə görüşün keçirilməsi ehtimalı var. Görüş üçün mən razılığımı vermişəm. Bu yaxınlarda görüşün harda və nə vaxt keçiriləcəyinə dair açıqlama veriləcəkdir. İkinci suala gəldikdə, bir tərəfdən Ermənistan prezidenti danışıqlardan çıxdığını elan edir, növbəti gün xarici işlər naziri açqılama verir ki danışıqlara qatılmaq üçün Azərbaycan tərəfini məcbur edəcəklər. Azərbaycan danışıqlardan çıxmayıb və ilk növbədə bizə danışıqların nəticə verməsi lazımdır. Şərtlə məsələni həll etmək mümkün deyil. Ermənistanın özündə də sonuncu vəziyyət ilə bağlı müzakirələr gedir ki, hər şey bəllidir. Həmsədr ölkələr, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini yaxşı bilir. Azərbaycan prezidenti bu mövqeyi dəfələrlə çatdırıb ki, status-kvo qəbuledilməzdir. Bu təbii məsələdir. Status-kvonu saxlamaqla, şərtlər irəli sürməklə danışıqlara, sülhə töhfə vermək olmaz. Bu məsələni biz həmsədrlərlə müzakirə edəcəyik. Əgər Ermənistanda kimsə düşünür ki, şərtlərlə münaqişəni daha on, on beş və ya iyirmi il uzada bilər, çox yanlış düşünür. Mən həmsədrlər, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri ilə təmasdayam. Onlar açıq bildirirlər ki, məsələ artıq həll olunmalıdır və Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Əgər təhlükəsizlikdən danışırlarsa, ən böyük təhlükə elə işğal olunmuş ərazilərimizdəki Ermənistan qoşunlarıdır. Onlar nə qədər tez çıxarılarsa, münaqişənin həllində o qədər də çox irəliləyiş əldə etmək olar. Yenə təkrar edirəm. Şərtlər sülh prosesinə kömək etmir, onu məhv edir. Əgər Yerevanda kimsə şərtlərlə münaqişəni uzatmaq istəyirsə, çox yanlış düşünür.

Sual: Aprelin əvvəlində təmas xəttində gərginlik yaşananda, Rusiyanın münaqişənin həlli üçün vasitəçiliyi daha qabarıq görünürdü. Lakin, Lavrovun sonuncu səfərindən sonra bu faktın ortadan qalxdığı hiss olundu. Lavrovun sonuncu səfərindən öncə Rusiyanın ATƏT-dəki nümayəndəliyi Azərbaycanın ATƏT-dəki nümayəndəliyinə nota ünvanlamışdı. Bu nə ilə bağlı idi?

Elmar Məmmədyarov: Siz özünüz də Rusiyanın fəallığını müşahidə edirsiniz. Bu aysbserq kimi məsələdir. Siz suyun üzərində olan məsələləri bilirsiniz. Amma suyun altında olan məsələləri hesab edirəm ki açıqlamaq hələ tezdir. Rusiyanın vasitəçiliyi ilə bağlı bir sıra fikirlər söylənilib. Maraqlı fikirlərdir, hamısı yenilənmiş Madrid prinsiplərinin əsasındadır. Amma bunun həyata keçirilməsinə dair cürbəcür yollar var. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün maraqlıdır. Biz Lavrovun Bakıya səfəri zamanı da müzakirə etdik. Mərhələli həll planına toxunmuşuq. Rusiya tərəfi də razıdır ki, böyük təhlükəsizlik problemləri ilə rastlaşırıq. Aprel ayında baş vermiş son gərginliklər, xeyli sayda hərbçilərin öldürülməsindən sonra bizim düzgün fikirləşdiyimiz sübut olunur ki, təhlükəsizliyi təmin etmək üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmaldıır.

Çox sağ olun!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti