news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2016

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze ilə birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və cənablar! Bildiyiniz kimi, dünən Gürcüstanın xarici işlər naziri cənab Mixeil Canalidze Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin ilk rəsmi səfərlərindən birinin qonşu ölkə olaraq bir-birilərinə etməsi çox yaxşı ənənədir. Məlumdur ki, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Bu görüşü keçən ay Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Tbilisidə keçirdikləri görüşün davamı hesab etmək olar. Bu gün gürcüstanlı həmkarım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Sonra biz burada görüşdük. Bu gün o, həmçinin Azərbaycan Respublikasının Baş naziri və Milli Məclisin sədri ilə görüşlər keçirəcək. Mən qeyd etmək istəyirəm ki, ümumiyyətlə Azərbaycan və Gürcüstan arasında dərin strateji əməkdaşlıq münasibətləri mövcuddur. Biz cənab nazirlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunduq. Bildiyiniz kimi, Azərbaycanda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində görüş keçirilib. Biz cənab nazirlə bir çox məsələləri müzakirə etdik. Azərbaycan və Gürcüstan arasında enerji layihələrinin həyata keçirilməsində əməkdaşlıq çox genişdir. Biz görüşdə enerji məsələlərindən başqa, nəqliyyat məsələlərinə də toxunduq. Mən Gürcüstanda səfərdə olanda Bakı-Tbilisi-Qars dəmiryolunun inşa edildiyi əraziyə də getmişdik. Hər üç ölkənin – Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri bu dəhlizin çox önəmli olduğunu qeyd edirlər. Bu layihə Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğun olaraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə imkan yaradacaqdır. Bundan başqa, görüşdə humanitar, sərhəd delimitasiyası məsələlərinə də toxunduq. Biz Gürcüstan ilə turizm sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Hesab edirik ki, enerji və nəqliyyat sahələrində əməkdaşlıq genişləndirildiyi kimi, turizm sahəsində də eyni iş aparılmalıdır. Sərhəd delimitasiyası üzrə işçi qrupunun yaxın zaman ərzində görüş keçirməsi barədə razılığa gəldik. Azərbaycan və Gürcüstan arasında 480 km sərhəd xətti mövcuddur. Onun 314 km-lik hissəsi artıq razılaşdırılıb. Qalan hissəsinin də razılaşdırılması üzrə fəaliyyəti davam etdirmək barədə razılığa gəldik. Ona görə sərhədlərin delimitasiyası ilə bağlı gürcüstanlı ekspertləri Azərbaycana səfərə gəlməyə və görüş keçirməyə dəvət etdik. Ümumiyyətlə qeyd edə bilərəm ki, Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Biz bu əməkdaşlığın daha da genişləndirilməsi üçün tələb olunan hüquqi bazanı müzakirə etdik. Gürcüstan tərəfi ilə 11 sənəd üzərində iş aparılır, onlar 3-4-ü artıq razılaşdırılıb. Bu yaxınlarda Gürcüstan və Azərbaycan hökumətlərinin müştərək komissiyasının görüşü keçiriləcək.

Sual-cavab:

Sual: Bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıldımı və gürcüstanlı nazir regional təhdid törədən bu münaqişə ilə bağlı Gürcüstanın rəsmi mövqeyini ifadə edə bilərmi?

Elmar Məmmədyarov: Bildiyim qədər, gürcüstanlı həmkarım çıxışında Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini artıq səsləndirib. Azərbaycan və Gürcüstan bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı olaraq tanıyır və dəstəkləyir. Mən öz həmkarımı münaqişə ilə bağlı son vəziyyət barədə məlumatlandırdım. Gürcüstanlı həmkarım da məni Cənubi Osetiya və Abxaziyadakı son vəziyyət barədə məlumatlandırdı. Hər görüşdə Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldırır, müzakirə edir və öz mövqeyini bildirir. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi birmənalıdır, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır.

Çox sağ olun!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti