Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə çıxışı
qeyri-rəsmi tərcümə
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə çıxışı
Tiflis, 19 Fevral, 2016-cı il
Hörmətli Nazirlər,
Bugünkü üçtərəfli görüşdə iştirak etməyimdən məmnunluq ifadə edərək, nazirləri və dost Gürcüstan və Türkiyə nümayəndə heyətlərini salamlayıram və fürsətdən istifadə edib səmimi qonaqpərvərliyə görə Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.
Yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır və müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır. Bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd etmək istərdim.
Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır.
Bildiyiniz kimi, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif etmişdir. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaqdır.
Bununla yanaşı, regionda sülhə və inkişafa maneələr də qalmaqdadır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac vardır. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalmışdır.
Nitqimin sonunda qarşılıqlı səylərimizin müxtəlif sahələrdə ölkələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğumuzu ifadə etmək istərdim.
Təşəkkür edirəm!