news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 avqust 2016

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev BMT-nin Nayrobi şəhərindəki bölməsinin Baş direktoru xanım Sahle-Vork Zevdeyə etimadnaməsini təqdim edib

Görüşdə səfir E.Abdullayev ölkəmizin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini qeyd edib.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəklədiyini vurğulayaraq, qurumun Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qeyd edib.

Söhbət zamanı Azərbaycan Səfirliyinin ilk dəfə olaraq, BMT-nin Nayrobi şəhərindəki bölməsində akkreditasiya olunmasından sonra ölkəmizin mənzil-qərargahları Nayrobi şəhərində yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT) Proqramları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ardıcıl səylərin həyata keçiriləcəyi qeyd edilmişdir.

Baş direktor Sahle-Vork Zevde ölkəmizlə BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu qeyd edərək, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində və qadın hüquqlarının müdafiəsində oynadığı rolunu və zəngin təcrübəsini yüksək qiymətləndirib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti