news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2015

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin şərhləri

Avropa Şurası Parlament Assambleyasının yay yarım-sessiyası çərçivəsində 2015-ci il iyunun 23-də qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir.

Ərazisinin Ermənistan Respublikasının təcavüzü nəticəsində işğalına, işğal edilmiş ərazilərdə və elə Ermənistanın özündə etnik təmizlə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin olmasına baxmayaraq, Azərbaycanda mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir. Bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilmişdir.

Belə bir sənədin qəbulu Avropa Şurası və onun Parlament Assambleyası da daxil olmaqla Avropa təsisatları tərəfindən dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür.

Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədi ilə qəbul edilmiş hər hansı sənəd isə qəti şəkildə qəbuledilməzdir.

Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı AŞ və onun Parlament Assambleyasında iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir.    

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti