Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2014-cü ilin yekunlarına dair mətbuat buraxılışı
2014-cü ildə də Azərbaycan Respublikasının Konstitusiyası, Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin fərman və sərəncamları, Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnaməsi, Azərbaycan Respublikasının milli təhlükəsizlik və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası, ölkəmizin milli maraqları və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının xarici siyasəti uğurla həyata keçirilib.
Xarici siyasətin prioritet istiqamətlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi, müstəqilliyi və suverenliyinə qarşı xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, maddi-mədəni irsimizin təşviqi və humanitar diplomatiya, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsi, diaspora ilə əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik və davamlı inkişafa töhfə verilməsi təşkil edib.
Azərbaycan öz milli maraqları, beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT nizamnaməsindən çıxış edərək, müstəqil xarici siyasət yürüdüb.
Ötən il beynəlxalq münasibətlər ziddiyyət və gərginliyin artması, hərbi-siyasi bloklara parçalanmanın dərinləşməsi kimi meyllərlə xarakterizə olunub. Azərbaycanın sərhədləri yaxınlığında yeni gərginlik, qeyri-sabitlik və münaqişə ocaqları yaranıb. Bir sıra dairələrin təsiri altında Azərbaycana qarşı əlaqələndirilmiş formada qarayaxma kampaniyası aparılıb.
Bütün bunlara baxmayaraq, ölkəmizin müstəqil xarici siyasəti uğurla həyata keçirilib.
Diplomatik xidmət orqanları rəhbərlərinin 7 iyul 2014-cü ildə keçirilmiş beşinci müşavirəsində çıxış edən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişaf etdirilməsini xüsusilə qeyd edərək, qarşıda yeni vəzifələr müəyyən edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin il ərzində çoxsaylı dövlət, rəsmi və işgüzar səfərləri, xarici nümayəndə heyətləri ilə keçirdiyi intensiv görüşləri, onlarla ölkənin dövlət və hökumət başçısı və Avropa Komissiyasının sədrinin Azərbaycana səfəri ölkəmizin ikitərəfli əlaqələrinin inkişafına xidmət edib.
2014-cü il ərzində Niderland, Əfqanıstan, Türkmənistan, Tacikistan, Zimbabve, İspaniya, İsrail, Honduras, Çexiya, Malayziya, Rusiya, Nikaraqua, Moldova, Serbiya, Avstriya, Fələstin, Litva, Xorvatiya, Macarıstan və Almaniya xarici işlər nazirləri Azərbaycana səfərlər ediblər.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İraq, Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Finlandiya, Çin Xalq Respublikası, Rumıniya və Belarus Respublikalarına rəsmi səfərlər edib.
İl ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər və hökumətlərarası müştərək komissiyalarının iclasları nəticəsində 30-dan artıq dövlətlə siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələrə aid 80-dən artıq ikitərəfli beynəlxalq müqavilə razılaşdırılıb, imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilib.
İkitərəfli əlaqələrin inkişafı məqsədilə diplomatik təmsilçiliyin coğrafiyası da genişləndirilib. Ötən ildən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin Kolumbiya Respublikasında ofisi, Argentina Respublikasındakı Səfirliyinin Uruqvay Şərq Respublikasında və Çili Respublikasında ofisləri, həmçinin, Malta Respublikasında Fəxri Konsulluğu və Ukraynanın Xarkov şəhərində Fəxri Konsulluğu fəaliyyət göstərməyə başlayıb. 2014-ci ildə Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikası və Afrika İttifaqı yanında nümayəndəliyi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncam imzalanıb.
Ötən ildən Azərbaycan Respublikasında Kolumbiya, Malayziya, İsveç Krallığı, Meksika Birləşmiş Ştatları, Xorvatiya, İspaniya Krallığı və Estoniya Respublikası səfirliyinin ofisləri, Sloveniya və Makedoniya Respublikalarının isə Fəxri Konsulluqları fəaliyyət göstərməyə başlayıb.
2014-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və ilk dəfə olaraq Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşləri keçirilib. İlk dəfə olaraq, Azərbaycan-Gürcüstan-Türkiyə prezidentlərinin üçtərəfli görüşü keçirilib.
2014-cü ildə Azərbaycanın enerji siyasətində ən əlamətdar hadisə Cənub Qaz dəhlizi layihəsinin təməl qoyma mərasimininkeçirilməsi olub.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar davam etdirilib.
Ermənistan və Azərbaycan Prezidentlərinin Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçi, ABŞ dövlət katibi ConKerrinin təşəbbüsü və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin iştirakı ilə 4 sentyabr tarixində Uels və Fransa Prezidenti FransuaOllandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərində münaqişənin həllinə dair müsbət meyllər müşahidə olunub. Paris görüşündən sonra Fransa Prezidenti FransuaOlland münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb. 4 dekabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatda da tərəfləri tezliklə sülh sazişi üzərində işləməyə çağırıb. Azərbaycan dəfələrlə bu prosesə hazır olduğunu bəyan edib və bunun münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün mühüm addım olacağını bildirib.
Münaqişənin həlli istiqamətində müsbət meyllərin olmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyində dəyişiklik olmayıb. Ermənistan danışıqlara xələl gətirmək, mövcud status-kvonu saxlamaq və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini intensiv şəkildə pozub, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlərin keçirib, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini atəşə tutub, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin və maddi-mədəni irsinin dəyişdirilməsi kimi təxribatçı əməllərini davam etdirib.
İl ərzində münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair beynəlxalq ictimaiyyətinmövqeyinin dəstəklənməsi davam etdirilib.
İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib. Yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həmrəylik ifadə olunub.
Qoşulmama hərəkatının Əlcəzairdə keçirilmiş xarici işlər nazirləri iclasının yekun sənədində münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənib.
NATO-nun Uelsdə keçirilmiş zirvə toplantısının yekun bəyanatında NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar.
Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb.
Münaqişənin həllinə dair bu məlum mövqe Türkdilli dövlətlərin əməkdaşlıq şurası, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran İslam Respublikası-Türkiyə üçtərəfli görüşlərinin yekun sənədlərində də öz təsbit olunub.
İkitərəfli əsasda digər dövlətlərlə imzalanmış siyasi sənədlərdə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməsinə dair mühüm müddəaların əks etdirilməsinə nail olunub.
İşğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətin qarşısının alınması, xarici ölkələrin fiziki və hüquqi şəxslərinin bu fəaliyyətə cəlb olunmasına yol verilməməsi daim diqqətdə saxlanılıb və bu istiqamətdə ikitərəfli və çoxtərəfli əsasda fəal iş aparılıb. Bu məsələ bir sıra dövlətlərlə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının gündəliyinə salınıb.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması və anılması istiqamətində də bir sıra işlər görülmüşdür Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentləri, Amerika Birləşmiş Ştatlarının 15 Ştatının qanunverici orqanlarına əlavə olaraq, 2014-cü ildə Hondurasın Milli Konqresi və Sudan Respublikasının parlamenti də Xocalı soyqırımını tanımışdır. Hondurasın Milli Konqresi tərəfindən Xocalı soyqırımının tanınması barəsində Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edilib, ölkənin rəsmi mətbuat orqanında dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu alıb.
Öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız DilqəmƏsgərov və Şahbaz Quliyevin azad olunması üçün ATƏT Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.
İl ərzində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə hərbi-siyasi, təhlükəsizlik, müdafiə və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi üzrə müvafiq işlər görülüb. Azərbaycanın digər ölkələrlə hərbi-texniki əməkdaşlığının möhkəmləndirilməsi və Azərbaycanın hərbi sənayesinin imkanlarının yerli və beynəlxalq səviyyədə nümayiş etdirilməsi məqsədilə Bakıda “ADEX 2014” (Azerbaijan Defence Exhibition 2014) adı altında müdafiə təyinatlı beynəlxalq sərginin keçirilməsinə töhfə verilib.
2014-cü il ərzində Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 18 birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun iclası keçirilib. Keçirilmiş iclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.
İl ərzində Azərbaycan regional və qlobal təşkilatlar çərçivəsində fəaliyyətini davam etdirib.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasının ümumi müzakirələr hissəsində çıxış edib. BMT Baş Məclisinin 68 və 69-cu sessiyaları çərçivəsində Azərbaycan Respublikası əsas komitələrdə müzakirə edilən məsələlər, o cümlədən komitə və plenar sessiyalarda səsverməyə çıxarılmış qətnamə layihələrinin qəbulu prosesində fəal iştirak edib. BMT Baş Məclisinin 69-cu sessiyasında Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə yekdilliklə qəbul edilib.
Azərbaycanın multikulturalizm, dinlər və mədəniyyətlərarası tolerantlıq və dialoq nümunəsi olaraq əldə etdiyi nailiyyətlərinin beynəlxalq səviyyədə təbliği istiqamətində BMT-nin Sivilizasiyalar Alyansı (Alyans) ilə qarşılıqlı faydalı əməkdaşlıq uğurla inkişaf etdirib. Alyansın Dünya Forumu zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Alyans arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planı imzalanıb və Alyansın 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi razılaşdırılıb.
Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv olduqdan sonra ilk dəfə 14 may 2014-cü il tarixindən altı aylıq dövr üçün AŞ Nazirlər Komitəsində sədrlik edib. Bu uğurlu sədrlik dövründə Azərbaycan Respublikası AŞ-ın fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın inkişafı istiqamətində mühüm səylər göstərib və AŞ üzv ölkələri və qurumun müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb.
Azərbaycan Respublikasının sədrliyinin prioritetləri AŞ-ın gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, Azərbaycanın müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilib. Sözügedən prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AŞ Parlament Assambleyasının (AŞPA) iyun sessiyasında çıxış edib. Xarici işlər naziri Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsinin sədri qismində AŞPA-ın iyun və oktyabr sessiyaları zamanı Nazirlər Komitəsinin fəaliyyətinə dair hesabatlar təqdim edib.
Azərbaycan sədrliyi ərzində AŞ ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və tərəfdaşlığın daha da güclənməsinə töhfə verib.
Bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq prinsiplərinin təşviqi ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin özəyini təşkil edir. Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi uğurla davam etdirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında Viza rejiminin sadələşdirilməsi və Readmissiya haqqında Sazişin qüvvəyə minməsi işgüzar dairələr arasında əlaqələrin artırılması, turizmin genişləndirilməsi, xüsusən elm, təhsil və tədqiqat sahəsində çalışan Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə səfərinin asanlaşdırılmasına xidmət edəcəkdir. Azərbaycanın Aİ proqramlarında iştirakına dair imzalanmış Protokol müvafiq dövlət qurumlarında kadr potensialının gücləndirilməsi, iqtisadi, mədəni və humanitar sahədə təcrübə mübadiləsinə şərait yaradır.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi, eləcə də bir çox Aİ üzv dövlətləri ilə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri Azərbaycanın bu təşkilatla əməkdaşlığının strateji ruhda köklənməsini zəruri edir.
ATƏT ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq, ATƏT Parlament Assambleyasının illik sessiyasının Bakıda keçirilib.
İl ərzində Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlıq uğurla davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 yanvarda NATO Mənzil Qərargahına və 4-5 sentyabrda isə NATO-nun dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib.
Azərbaycan Sülh naminə Tərəfdaşlıq Proqramının 20 illiyinə həsr olunmuş yüksək səviyyəli konfrans, NATO Parlament Assambleyasının 86-cı Ros-Rot seminarı, NATO-nun Nəqliyyat Qrupunun daxili yerüstü nəqliyyat istiqaməti üzrə seminarı və iki işçi qrupunun iclası kimi müxtəlif səpgili NATO tədbirlərinə ev sahibliyi edib.
Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda aparılan ISAF əməliyyatına töhfəsini davam etdirərək, Əfqanıstana siyasi, hərbi, maddi-texniki dəstək ilə yanaşı, hava və quru tranziti, habelə müxtəlif təlimlər, humanitar, mina təmizləmə, təhsil və kadr hazırlığı sahələrində də töhfələr verib.
İl ərzində YUNESKO ilə hərtərəfli əməkdaşlıq davam etdirilib. Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin Bakıda keçirilmiş iclası zamanı tədbirə sədrlik, o cümlədən Milli Komissiyaların işinin əlaqələndirilməsi funksiyası növbəti iclasa qədər Azərbaycana keçib.
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasında “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” nominasiyası YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Eyni zamanda, sessiyada Ermənistan tərəfindən lavaşın “erməni çörəyi” kimi qəbul edilməsinin qarşısı alınıb.
İƏT çərçivəsində İslam ölkələri ilə siyasi, iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı diqqət mərkəzində olmuşdur.Bakıda İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda Nazirlər Konfransı keçirilib və yekunda Bakı Bəyannaməsi qəbul olunub.
Ötən il ölkəmizin Ərəb Dövlətləri Liqası (ƏDL) ilə əlaqələrinin inkişafı baxımından səmərəli olub. “ƏDL – Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq Memorandumu” imzalanıb.
Qoşulmama Hərəkatınaüzv olduğu qısa müddət ərzində Azərbaycan bu qurumun siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq imkanlarındangeniş istifadə edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. TDƏŞ-in yeni Baş katibi vəzifəsinə Azərbaycanın nümayəndəsi təyin edilib.
İl ərzində Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasınavə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Baş Katibi vəzifəsinə namizədliyinin dəstəklənməsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq, ölkəmiz dörd il müddətinə Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasına üzv vəAzərbaycan tərəfindən irəli sürülmüş namizəd isə QDİƏT Parlament Assambleyasının Baş Katibi vəzifəsinə seçilib.
“Transsərhəd kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Konvensiya”ya (Espoo Konvensiyası) tərəfdar dövlətlərin Cenevrə görüşündə Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilib və konvensiyanın icra edilməsi komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilib. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası zamanı ətraf mühitə ziyanın vurulması ilə bağlı Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək, Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Ümumdünya Gömrük Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Bərpa olunan Enerji Agentliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilib.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizlik, terrorizmə qarşı mübarizə, tərksilah və yayılmama, ətraf mühit, davamlı inkişaf kimi qlobal məsələlərin müzakirəsində yaxından iştirak edib və öz töhfəsini verib.
Haaqada53 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə növbəti Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.
İl ərzində Bakıda dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ikinci iclası, Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ekspert qruplarının ikinci görüşü və Həştərxanda Xəzəryanı ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısı keçirilib, bu çərçivədə bir sıra sənədlər imzalanıb və müəyyən məsələlər üzrə razılıqlar əldə olunub.
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə davamlı inkişafa xidmət edən beynəlxalq humanitar layihələr həyata keçirilib. “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində il ərzində Mali, Niger, Çad, Benin, Burkina Faso, Kamerun və Cibutidə on minlərlə insan ödənişsiz əsasda göz müayinəsi edilib, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 3000-dən çox şəxsin görmə qabiliyyəti bərpa edilib.
AİDA tərəfindən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyi vasitəsilə Qəzzaya, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması məqsədilə Sent Vinsent və Qrenadinə, Filippinə və Pakistana yardımlar göstərilib.
İl ərzində ictimai diplomatiya sahəsində fəaliyyət davam etdirilərək, ölkəmizin daxili və xarici siyasəti, Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalı və onun nəticələri, Xocalı soyqırımı, Azərbaycanın tarixi, mədəniyyəti və müasir dövrdə sosial-iqtisadi inkişafı haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması təmin edilib.
Yerli və xarici kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edilib, KİV-in sualları operativ qaydada cavablandırılıb. Ölkəmizin daxili və xarici siyasətinə və beynəlxalq mövzulara aid məsələlərə operativ münasibət və mövqe bildirilib və ölkəmizə qarşı olan əlaqələndirilmiş qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində tədbirlər görülüb. Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndələrin sosial şəbəkələrdə fəaliyyəti daha da artırılıb.
2014-cü il Azəbaycan Diplomatik Akademiyası (ADA) üçün transformasiya ili olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ADA XİN-in nəzdində fəaliyyət göstərən universitetə çevrilib. ADA-nın tələbə sayı 1300 nəfərə çatib ki,onların da 23 nəfəri Prezident təqaüdçüsüdür. Hal-hazırda Azərbaycan hökumətinin təqaüdü hesabına 32 xarici ölkədən 62 tələbə ADA-da təhsil alır.
Xarici İşlər Nazirliyinin əməkdaşlarının peşəkarlığını artırmaq üçün ADA universiteti nəzdində müxtəlif səviyyəli ixtisasartırma kursları təşkil olunub. Xarici İşlər Nazirliyinin əməkdaşlarının xarici ölkələrdə bir sıra ixtisasartırma və xarici dil kurslarında iştirakı təmin olunub.
İl ərzindəxarici siyasətin vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyi və intensivliyinin artırılması məsələləri diqqət mərkəzində olub.
Azərbaycan Respublikasında turizmin inkişafı ilə əlaqədar ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizalarının rəsmiləşdirilməsi işinin daha yüksək səviyyədə təşkili məqsədi ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarasıavtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) mövcud proqram təminatının təkmilləşdirilməsi, bu sahədə müfəssəl statistik təhlillərin aparılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsinin təkmilləşdirməsi üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi üzrə ardıcıl tədbirlər görülür.
Sloveniya Respublikası, Peru Respublikası və İsrail Dövləti ilə xidməti pasportlara malikvətəndaşların vizasız gediş-gəlişi haqqında ikitərəfli sazişlər qüvvəyə minib.
Azərbaycan Respublikası vətəndaşlarının sorğu və sualları və müraciətlərinin operativ şəkildə cavablandırılması təmin edilib.