news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 aprel 2015

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Belçika Krallığının xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reyndersin birgə mətbuat konfransı

28.04.2015

Hörmətli xanımlar və cənablar!

Bildiyiniz kimi, Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri cənab Didiye Reynders regional səfəri çərçivəsində Azərbaycan Respublikasında rəsmi səfərdədir.

Görüş zamanı biz bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışıq, həmçinin regional məsələlərə toxunmuşuq. Bu kontekstdə, mən həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə ilə bağlı Azərbaycanın mövqeyi və münaqişənin həllinə dair danışıqların son statusu barədə tam şəkildə məlumatlandırmışam. Deyə bilərəm ki, 30 aprel-1 may tarixlərində həmsədrlərlə görüşmək məqsədilə Parisə səfər etməyi planlaşdırıram. Biz inanırıq ki, münaqişə ilə bağlı irəliləyişə nail olunmasının zamanı çatıb.
Bundan başqa, biz Belçika və Azərbaycan arasındakı ikitərəfli münasibətlərın hazırkı durumu barəsində də müzakirələr aparmışıq. Hazırda Belçikanı təmsil edən 60-dan çox şirkətinin Azərbaycanda olması çox böyük önəm kəsb edir və bu şirkətlərin bəziləri ölkəmizdə fəaliyyət göstərir. Bundan əlavə, müxtəlif sahələrdə, ilk növbədə enerji sahəsində Belçika şirkətləri əməkdaşlıqda çox maraqlıdır, Cənubi Qaz Dəhlizi ilə bağlı bəzi şirkətlər hazırda danışıqlar mərhələsindədirlər.

Regional məsələlər, Ukraynada baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi, Şərq Tərəfdaşlığı üzrə Riqa Sammiti çərçivəsində danışıqlar barəsində müzakirələr aparmışıq. Ümumiyyətlə, mən deyə bilərəm ki, Azərbaycan Avropa Şurasının çərçivəsində də öz fəaliyyətini çox yüksək səviyyədə davam etdirir və bundan sonra da bu təşkilatla əməkdaşlığı davam etdirəcək.

NATO ilə bağlı, bildiyiniz kimi, Əfqanıstanda Belçika və Azərbaycan arasında faydalı əməkdaşlıq qurulmuşdur. Belçika əsgərləri Azərbaycanın hava limanından istifadə edərək Əfqanıstana keçirlər, biz əlimizdə olan imkanlardan istifadə edərək, Belçika əsgərlərinin Əfqanıstana keçərkən və ya qayıdarkən rahatlığını təmin etməyə çalışırıq.

Humanitar sahədə əməkdaşlıq baxımından deyə bilərəm ki, hər iki ölkədə müxtəlif mədəniyyət tədbirləri keçirilmişdir. İdman sahəsində, Belçikanı təmsil edəcək 160 idmançının Azərbaycanda keçiriləcək Birinci Avropa oyunlarında iştirak edəcək və inanırıq ki idmançıların çoxu qələbə qazana biləcək.

Sual: Qarşıdan gələn Riqa Sammiti ilə bağlı soruşmaq istərdim ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını necə görür, ikinci sualım isə Azərbaycanda insan hüquqları müdafiəçilərinin durumu ilə bağlıdır.

Elmar Məmmədyarov: İlk olaraq, Riqa Sammiti ilə bağlı onu qeyd edim ki, bu Sammit Vilnüs sammitindən sonrakı iki il ərazində Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı arasında münasibətlərin inkişafının qiymətləndirilməsi üçün vacib bir platformadır. Hər kəs regionda baş verənlərdən xəbərdardır, bu baxımdan Riqa sammiti mühüm tədbirdir. Azərbaycanın Sammitdən gözləntilərinə gəlincə, bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə strateji elementlər çərçivəsində, xüsusilə enerji sahəsində öz əməkdaşlığını qurmaqdadır. Enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum artıq Prezident İlham Əliyev və Prezident Barosso tərəfindən imzalanmışdır. Məhz bu memorandum Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün ideyalara yol açmışdır. Həmçinin bu yaxınlarda təməli qoyulan Trans Anadolu boru xətti də Avropa İttifaqı ilə müzakirələrin tərkib hissəsidir. Bundan başqa, aviasiya, viza sadələşdirilməsi sahəsində də yaxından əməkdaşlıq edirik və biz informasiya texnologiyaları sahəsində əməkdaşlıqda maraqlıyıq. Bu sahədə əsas məqam hər iki tərəfin maraqlarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulması və bu əməkdaşlığın davamlılığıdır.

İnsan hüquqlarına dair növbəti suala gəlincə, bu məsələdə müəyyən çərçivədə müzakirələrimizin tərkib hissəsi oldu. Azərbaycan QHT-lər sahəsində də ikili standartlarla üz-üzədir və bu ikili standartlar bizim yaxın qonşularımız da daxil olmaqla, digər ölkələrə deyil, məhz Azərbaycana münasibətdə özünü büruzə verir. Bu baxımdan ən vacib məqam Ermənistanın Azərbaycana təcavüzünün humanitar aspektləridir. Həmkarımın da qeyd etdiyi kimi, Avropada qaçqınlar məsələsi geniş şəkildə işıqlandırılır, qızğın müzakirələrə səbəb olur. Lakin Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünləri barəsində jurnalistlər ümumiyyətlə danışmır və ya səthi şəkildə mövzuya toxunurlar, həmçinin işğal edilmiş ərazilər və etnik təmizləmə müzakirədən kənar qalır. Bu məsələdə mən regionda baş verən hadisələrlə bağlı hesabatda dürüst və tərəfsız olmaq istəyən jurnalistlərə bildirmək istəyirəm ki, insanların hüquqlarının pozulması məsələsində əsas istinad İnsan Hüquqlarına dair Universal Bəyannamənin I bəndi olmalıdır, hansı ki bu bənd insanların mənsub olduğu yerlərdə yaşamaq hüququnu təsbit edir. Təəssüf ki, bu bənd Azərbaycana münasibətdə Ermənistan tərəfindən pozulmuşdur.

Daxili məsələlərə gəlincə, açılmış cinayət işlərinə nəzər yetirildikdə də görünür ki, onların məsuliyyətə cəlb olunması onların hüquq müdafiəçisi kimi fəaliyyətləri ilə deyil, qanun və normalara uyğun gəlməyən fəaliyyətləri ilə bağlıdır. Bir şəxsin hüquq müdafiəçisi olması o demək deyil ki, o vergi ödəməkdən yayına və ya ölkənin digər hüquqi normalarını poza bilər. Qanun çərçivəsində fəaliyyət olduğu halda bu kimi elementlərə da rast gəlinmir. Digər tərəfdən, özünü həqiqət carçısı hesab edən jurnalistlərə demək istərdim ki, bir milyondan artıq insanın hüquqlarının pozulmasından yazılar yazılmasına daha çox ehtiyac vardır.

Sual: Sizin bu həftə həmsədrlərlə görüşünüz barədə, həmsədrlərin regiona səfəri və prezidentlərlə görüşü barədə məlumat verməyinizi istərdim.

Elmar Məmmədyarov: Aprel hadisələri artıq bitdiyinə görə, biz gərək bir fikirləşək ilk növbədə necə münaqişənin gedişatında irəliləyişə nail olaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın prezidenti də demişdir, amerikanlar da çox güman ki onlarla eyni fikirdədirlər. Belçika xarici işlər naziri də onu qeyd etmişdir ki, bu məsələnin həlli zamanı artıq yetişib. Bunun üçün birmənalı olaraq, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır və bu da öz növbəsində sonrakı addımların yerinə yetirilməsinə imkanlar açacaq.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti