news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 iyun 2015

Azərbaycan Respublikası xarici işlər naziri cənab Elmar Məmmədyarov və Serbiya Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri və ATƏT-in Fəaliyyətdə olan sədri cənab İvitsa Daşiçin birgə mətbuat konfransı

Xanımlar və cənablar!

Azərbaycan Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz! Bildiyiniz kimi, Serbiya Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri, həmçinin ATƏT-in Fəaliyyətdə olan sədri cənab İvitsa Daşiç Azərbaycan Respublikasında səfərdədir. Bu gün səhər cənab Daşic Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib.

Həmkarımla təkbətək, daha sonra isə geniş tərkibdə görüşlər keçirdik. Cənab Daşiçin Bakıya ATƏT-in fəaliyyətdə olan sədri qismində səfər etməsinə baxmayaraq, bu səfər bizə Serbiya və Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlıq məsələlərini müzakirə etməyə də imkan verdi. Azərbaycan və Serbiya arasında geniş iqtisadi, siyasi və humanitar əlaqələr yüksək səviyyədədir və görüş zamanı enerji, nəqliyyat, viza və sair məsələlər ətrafında fikir mübadiləsi apardıq. Viza məsələsi ilə bağlı cənab Daşiç çox maraqlı bir təkliflə çıxış edərək, Azərbaycan vətəndaşlarının Serbiyaya getməsi üçün vizasız rejim tətbiq edilməsi təklifini irəli sürdü. Təbii ki, bu məsələ mövcud daxili prosedurlara uyğun nəzərdən keçiriləcək.
ATƏT-in Fəaliyyətdə olan sədri kimi cənab Daşiçlə müzakirələrə gəlincə, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərək, bir sıra məsələlərə toxunduq. Həmçinin Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarının tezliklə Azərbaycana, öz Vətənlərinə geri qaytarılmaları ilə bağlı cənab Daşiçdən bu məsələni Yerevanda olarkən Ermənistan rəhbərliyi ilə görüş zamanı qaldırmağı və müzakirə etməyi xahiş etdim.
Münaqişənin həlli prosesi ilə bağlı cənab Daşiçə bir sıra təkliflər vermişik. Bilirsiniz ki, biz Sülh Sazişi və həmsədrlərin təklif etdiyi kimi, müəyyən işçi qruplarının yaradılması üzərində işlərin tez bir zamanda başlanılmasının tərəfdarıyıq. Bu məsələdə Azərbaycan tam şəkildə əməkdaşlığa hazırdır və biz gözləyirik ki, cənab Daşiçin Yeravana səfəri bu məsələdə irəliləyişin əldə olunması ilə nəticələnəcək. Çox sağ olun!

Sual-cavab

Sual: Sualim hər iki nazirədir. Serbiyanın mürəkkəb vəziyyətlərdə danışıqların aparılması baxımından zəngin təcrübəsinin, eləcə də Azərbaycanla xoş ikitərəfli münasibətlərini nəzərə alsaq, bu iki məqam Serbiyaya sədrlik dönəmində Azərbaycana, eləcə də regiona yardımçı olmağa necə kömək edə bilər?

Elmar Məmmədyarov: Hər şeydən öncə onu deyim ki, nazir Daşiçin də bildirdiyi kimi, Azərbaycan da ərazi bütövlüyü prinsipi ilə bağlı Serbiya ilə eyni mövqedədir. Helsinki Yekun Aktinda da əks olunduğu kimi, ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyin etmə prinsipindən daha üstündür. Öz müqəddəratını təyin etmə razılaşma və paytaxtın razılığı əsasında olmalıdır və bu prinsipin tətbiqi hər hansı bir dövlətin ərazi bütövlüyünün pozulması ilə nəticələnməməlidir. Serbiya, insanlararası əlaqələrin qurulması sahəsində yaxşı təcrübəyə malikdir. Biz düşünürük ki, Serbiyanın himayəsi və ya sədrliyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında əlaqələrin qurulması faydalı ola bilər. Və ya humanitar və xoşməramlı bir addım kimi münaqişə zamanı itkin düşmüş insanlar barəsində məlumat mübadiləsi sahəsində işlər görülə bilər. Təbii ki bir gün münaqişə öz həllini tapacaq, amma münaqişə zamanı itkin düşmüş şəxslərin ailələri onların taleyi barəsində münaqişənin istənilən mərhələsində məlumat ala bilməlidir. Biz həmçinin düşünürük ki, bu məqsədlə müxtəlif işçi qruplar və təşkilatlar çərçivəsində işləmək olar, Ermənistanın öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarılması mərhələsinə nail olduqdan sonra öz doğma yurd yuvalarına qayıtmaq istəyənlər üçün ən azından bir plan işlənib hazırlanmalıdır. Bu sahədə geniş təcrübəsi olan Serbiyanın ATƏT-in Fəaliyyətdə olan sədrliyi dönəmində bu səpkidə olan təkliflərlə çıxış edəcəyinə ümid edirik. Düşünürəm ki, regiona, xüsusilə də Ermənistan və Azərbaycana sülh və sabitliyin gətirilməsi vacibdir.

Sual: Rusiyaya səfəriniz zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünüzdə qeyd olundu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı artıq yetişib. Burdakı pozitiv məqam nədən ibarətdir? Ikinci sualım isə separatçı rejimdə saxlanılan azərbaycanlı girovlarla bağlıdır, onların azad olunması üçün hansı addımlar atılır?

Elmar Məmmədyarov: İkinci sualla bağlı, artıq qeyd etdim ki, cənab Daşiçdən bu məsələnin Yerevanda da müzakirə edilməsini xahiş etmişəm. Daşiçin Yerevana səfərindən sonra bu məsələnin öz həllini tapacağına ümid edirəm.
Cənab Lavrovla keçirilmiş birgə mətbuat konfransında bu məsələyə toxunmuşduq, doğrudur, artıq münaqişənin həlli üçün vaxt yetişib. Pozitiv məqam ondan ibarətdir ki, bütün tərəflər, Minsk Qrupunun həmsədrləri də bu istiqamətdə hər hansı pozitiv bir irəliləyişə nail olunmasını istəyirlər. Bu pozitivin reallığa çevrilməsi yolları isə danışıqlar prosesinin bir mövzusudur. Sergey Lavrovla belə razılığa gəldik ki, Minsk Qrupunun həmsədrləri çərçivəsində bu məsələlərin müzakirəsini davam etdirək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti