news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 yanvar 2015

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanxarici işlər nazirlərinin ikinci üçtərəfli görüşünün nəticələrinə dair Birgə Bəyanat

29 yanvar 2015-ci ildə dostluq, qarşılıqlı etimad və tam qarşılıqlı anlaşma şəraitində Azərbaycan Respublikası, Türkiyə Respublikası vəTürkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü keçirildi.

Tərəflər 26 may 2014-cü ildə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşündə qəbul olunmuş Bakı Bəyanatına sadiqliklərini ifadə etdilər.

Tərəflər bir birilərinin dövlətlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini təsdiq etdilər.

Tərəflər beynəlxalq siyasət məsələlərini müzakirə edərək, sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi, beynəlxalq və regional miqyasda, xüsusilə Mərkəzi Asiya, Xəzər dənizi regionu, Cənubi Qafqaz, Orta və Yaxın Şərqdə etimad və qarşılıqlı anlaşma şəraitinin yaradılması istiqamətində göstərdikləri səylərin əhəmiyyətini qeyd etdilər.      

Bu kontekstdə Azərbaycan Respublikası, Türkiyə Respublikası vəTürkmənistanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının məqsədəuyğunluğu vurğulandı.

Xarici işlər nazirləri Azərbaycan Respublikası, Türkiyə Respublikası vəTürkmənistan Prezidentlərinin 5 iyun 2014-cü ildə Bodrum şəhərində görüşünün yüksək əhəmiyyətini və konstruktiv xarakterini xüsusi qeyd etdilər. 

Nazirlər yüksək səviyyədə əldə olunmuş razılaşmaların siyasi, enerji, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın müxtəlif sahələrində üçtərəfli əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaratdığını qeyd etdilər. 

Xarici işlər nazirləri enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər. Bununla Xəzər dənizi regionundan Türkiyə Respublikasından keçməklə Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd olundu. 

Bununla əlaqədar enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu qeyd olundu.             

Xarici işlər nazirləri ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verirlər. 

Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılmışdır. 

Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə Tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəldilər. 

Ticarət-iqtisadi əlaqələr məsələsinə nəzər salaraq, xarici işlər nazirləri bu sahədə təmasların əhəmiyyətini və bərabər hüquqluluq, qarşılıqlı fayda və bir-birilərinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələri arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd etdilər. 

Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri müzakirə edilmişdir. Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olundu. 

Tərəflər həmçinin üç ölkənin xalqlarının ümumi mədəni, dil və tarixi irslərinə əsaslanan mədəni-humanitar sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər. 

Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul etdilər və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğuladılar. Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırdılar.

Tərəflər qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq əməkdaşlıq məsələləri üzrə hazırkı üçtərəfli formatda davamlı əsasda görüşlərin keçirilməsinin vacibliyini qeyd etdilər və növbəti görüşün Türkiyə Respublikasında keçirilməsinə razılıqlarını bildirdilər. 

Xarici işlər nazirləri 2015-ci ildə Türkmənistanda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Prezidentlərinin Sammitinə hazırlığın və onun keçirilməsinin əhəmiyyətini qeyd etdilər. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti