Azəraycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 20-ci İclasında çıxışı
Azəraycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 20-ci İclasında çıxışı
Bakı, 24 oktyabr 2012-ci il
Hörmətli Nazirlər və Nümayəndə Heyətlərinin Başçıları,
Xanımlar və Cənablar,
Əziz Həmkarlar,
İcazə verin çıxışımın əvvəllində Azəraycan Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Şuranın sədri kimi öz fəaliyyətini başa vuran Türkiyə Respublikasının xarici işlər naziri cənab Əhməd Davudoğluna ötən iki il ərzində nümayiş edirdiyi liderliyə və əlbəttə ki, başçılıq etdiyi komandanın gərgin əməyinə görə təşəkkür edim.
Mən böyük məmnunluq və şərəf hissi ilə Şuranın Sədrliyini qəbul edir və İqtisadi Əməkdaşlıq Təşkilatının genişlənməsinin 20 illiyinə həsr olunmuş bu iclasa ev sahibliyi edirəm.
Zamanın sınağından çıxmış regional təşkilatlardan biri kimi İƏT ötən 20 il ərzində regionda baş verən siyasi və tarixi hadisələr zəminində ciddi dəyişikliklərdən keçmişdir. Təşkilatın genişlənməsi prosesi nəticəsində Azərbaycan və Orta Asiyanın qardaş ölkələri və Əfqanıstan İƏT ailəsinə qoşulmuş və İzmir Müqaviləsində qeyd olunmuş hədəf və məqsədlərə çatmaq üçün regionda iqtisadi əməkdaşlıq və inteqrasiya meyllərinin möhkəmlənməsinə töhfə vermişdir. Bu hədəflərin daha da inkişaf etdirilməsi bizim əməkdaşlığımız və Təşkilatın etimadının qorunub-saxlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olmuşdur və regionda iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və irimiqyaslı infrastruktur layihələrinin dəstəklənməsinə xüsusi diqqət yetirmişdir.
İƏT regionunun zəngin iqtisadi və intellektual potensialı var və bu amil iqtisadi əməkdaşlığın genişləndirilməsində və onun səmərəliliyinin və davamlılığının təmin olunmasında Üzv Dövlətlərin ehtiyacları və praktiki nəticələrin əldə edilmısi yolu ilə Təşkilatın qarşısında duran vəzifələrin icra olunmasını asanlaşdırır. Bizim fikrimizcə, konkret nəticələrə və regionun müqayisəli üstünlüklərinə əsaslanan əməkdaşlıq üçün xüsusi prioritet sahələrin qısa siyahısı hazırlanmalıdır. Nəqliyyat, informasiya-komunikasiya texnologiyaları və ətraf mühit sahəsində dialoqun və işgüzar əlaqələrin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan elm və tədqiqat sahəsində qarşılıqlı təmasların möhkəmləndirilməsi ümumi məqsəd kimi davam etdirilməlidir.
Hörmətli Həmkarlar,
Biz inanırıq ki, regionun ticarət və sərmayələr baxımından böyük və istifadə olunmamış potensialı mövcuddur. Bu baxımdan, həmin sahələrə diqqətin artırılması Təşkilata əsas hədəf və məqsədlərinə nail olmaq imkanı verə bilər və məhz buna görə də biz bu məsələyə diqqət yetirməliyik. Bunu nəzərə alaraq, Azərbaycan son zamanlar İƏT Ticarət və İnkişaf Bankına qoşulmaq istiqamətində addımlar atmışdır və ümid edirik ki, Bank İƏT çərçivəsində əməkdaşlıq sahələrində layihələrin inkişaf etdirilməsində aparıcı rol oynayacaq və inkişaf yönümlü qurum kimi fəaliyyət göstərəcəkdir.
Digər prioritetlər haqqında danışarkən, nəqliyyat sektorunun vurğulamaq zəruridir və bu sahə yuxarıda qeyd etdiyim regional ticarətin inkişafı üçün əsas şərtdir. Bu kontekstdə, Azərbaycan inanır ki, İƏT dəmiryolları və əlaqədar digər infrastrukturun müasirləşdirilməsi, eləcə də ortaq dəmir yolu şəbəkəsinin yaradılması və onun Avropa və Orta Şərq dəmir yolları şəbəkələrinə qoşulmasına səy göstərməlidir. Hazırda tikintisi davam etdirilən regional əhəmiyyətli dəmir yolu layihələrinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) -Astara (Azərbaycan) layihəsinin qısa müddətdə başa çatdırılması region ölkələri üçün yeni cəlbedici tranzit nəqliyyat imkanları yaradacaqdır. Bu baxımdan, biz bu layihə üzrə Yüksək Səviyyəli İşçi Qrupun yaradılmasını alqışlayır və inanırıq ki, Yüksək Səviyyəli İşçi Qrupun Bakıda keçiriləcək ilk iclası səmərəli nəticələrin əldə edilməsi baxımından faydalı platforma olacaqdır.
Sahələr üzrə əməkdaşlıqdan danışarkən mən informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə fəaliyyətin əhəmiyyətini qeyd etməyə bilmərəm, bu sahədə imkanların birləşdirilməsi bizə inkişaf etmiş regional telekommunikasiya texnologiyalarından faydalanmağa imkan verər. Bunu nəzərə alaraq, Azərbaycan 2008-ci ildə Trans-Avrasiya Super İnformasiya Magistralının yaradılması layihəsi ilə çıxış etmiş və bu təşəbbüs 2009-cu ildə BMT-yə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənmişdir. (BMT Baş Assambleyasının A/Res/64/186 saylı qətnaməsi). Layihənin dəstəklənməsinin davam etdirilməsi istiqamətində Azərbaycan Hökuməti hazırkı BMT Baş Assambleyasının sessiyası ərzində yeni TASİM qətnaməsini irəli sürməyi planlaşdırır və İƏT-ə üzv ölkələri bu təşəbbüsə dəyərli dəstəklərini davam etdirməyə çağırır.
Xanımlar və Cənablar,
Əməkdaşlığın gələcək perspektivləri baxımından biz İƏT-in sosial-iqtisadi əməkdaşlıq yolu ilə regionda sülh və sabitliyin möhkəmləndirilməsində oynadığı rolu və təsirini nəzərdən qaçırmamalıyıq. Bunu deyərkən biz Əfqanıstanın inkişafının dəstəklənməsinin çox mühüm rolunu təsdiqləyirik. Azərbaycan Kabil prosesini dəstəkləyir və Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi layihələrlə Avrasiya məkanında nəqliyyat şəbəkələrinə inteqrasiya olunması yolu ilə bu ölkədə vəziyyətin sabitləşdirilməsinə öz töhfəsini verməyə hazırdır.
İƏT daxilində həlli uzadılmış münaqişələrdən əziyyət çəkən regionlardan biri də Cənubi Qafqazdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ortaya çıxan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi və iqtisadi əməkdaşlıq və hərtərəfli regional əməkdaşlığa maneə olaraq qalmaqdadır. Bizim üçün münaqişənin Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həllindən başqa alternativ görmürük. Bu baxımdan, biz İƏT-ə üzv ölkələrin davamlı dəstəyini və məsələyə münasibətdə ortaq mövqeyini çox yüksək qiymətləndiririk.
Təşkilatın fəaliyyətini qiymətləndirərkən Təşkilatın aparıcı qurumları, xüsusilə də Katibliyin işinin səmərəliliyinin artırılmasına diqqət yetirmək vacibdir. Biz həmçinin yeni iqtisadi əməkdaşlıq sahələrini ortaya çıxararaq, təşkilat çərçivəsində əlavə yardımçı qurumların artırılması təcrübəsini istifadə etməməli, əsas diqqətimizi əvvəlcədən müəyyən etdiyimiz sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə yönəltməliyik.
Biz ümid edirik ki, Türkiyə Respublikasının təşəbbüsü ilə yaradılmış Görkəmli Şəxslər Qrupunun (GŞQ) hazırladığı tövsiyələr Üzv Dövlətlər tərəfindən ciddi nəzərdən keçiriləcəkdir. Biz xüsusilə əməkdaşlığın səmərəliliyinin artırılması və ECO Vİsion 2015 sənədinin icrasının sürətləndirilməsi ilə bağlı tövsiyələrdən faydalana bilərik. Bundan əlavə, fikrimizcə, Təşkilatın dinamikliyinin, səmərəliliyinin və nüfuzunun artırılması üçün onun ümumi fəaliyyətinin nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün monitorinq mexanizminin təsis olunması da vacibdir.
Fürsətdən istifadə edərək, mən təşkilatın yeni Baş Katibi Səfir Şamil Ələsgərovu təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Biz əminik ki, onun peşəkar idarəçiliyi ilə bizim Təşkilat özünün bütün mövcud potensialından istifadə edəcəkdir. Biz həmçinin təşkilatın keşmiş Baş Katibi General Yəhya Marufini ötən illərdə Təşkilatın işinə verdiyi töhfəyə görə təşəkkür edirik.
Sonda icazə verin nümayəndə heyəti adından bəyanatın mətninin razılaşdırılmasında səylərinə görə bütün mütəxəssislərə öz təşəkkürümü bildirim. Mən böyük məmnuniyyət hissi ilə bəyanatın layihəsini qəbul olunmaq üçün Zirvə Toplantısına tövsiyə edirəm.
Diqqətinizə görə təşəkkürü edirəm.