AİDA-nın xətti ilə “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının Bakıda toplantısı keçirilib
31 may-1 iyun 2016-cı il tarixində Bakı şəhərində Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının əsas tərəfdaşları olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), İslam İnkişaf Bankı, Misirin İnkişaf naminə Tərəfdaşlıq üzrə Agentliyi (EAPD), eləcə də Nadi Al-Basar (Tunis), İnsani Yardım Vəqfi (Türkiyə), Görmə Qabiliyyətinin İtirilməsinin Qarşısının Alınması üzrə Birlik /PBU/ (Səudiyyə Ərəbistanı) kimi oftalmologiya sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları və kampaniyanın keçirildiyi ölkələr üzrə milli ələqələndiricilərin iştirakı ilə görüş keçirilib.
Görüşün məqsədi kampaniya zamanı 2009-2015-ci illər ərzində əldə olunmuş nəticələr, qarşıda duran vəzifələr, kampaniya çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də cari ilin yanvarında kampaniyanın ikinci mərhələsinə hazırlıq üzrə Rabat şəhərində keçirilmiş ilkin görüşdə irəli sürülmüş təkliflər üzrə müzakirələrin aparılması oldu.
Görüş zamanı “Qarşısı alına biliən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının birinci mərhələsinin yekun nəticələri təqdim edilərək bildirildi ki, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə keçirilən aksiyalar çərçivəsində ümumilikdə 244.197 nəfər insanın gözü müayinə edilmiş, 49.486 nəfər görmə qabiliyyətini tam və ya qismən itirmiş insan ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirildi. Ümumilikdə kampaniya uğurlu hesab edildi və kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərəhələsinin konkret istiqamətləri üzrə razılığa gəlindi.
Bakıya səfər əsnasında qonaqlar sözügedən kampaniyada fəal iştirak edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə tanış oldular.
AİDA İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasına 2012-ci ildən qoşulub və hazırda İslam İnkişaf Bankının bu proqram üzrə strateji tərəfdaşıdır.
İslam İnkişaf Bankının nümayəndələri həmçinin səfər zamanı Mərkəzi Klinik Xəstəxanada, “ASAN xidmət” mərkəzində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görüşlər keçirmiş və sözügedən qurumlarla AİDA-nın dəstəyi ilə əməkdaşlıq imkanlarını müzakirə etdilər.