2021-05-21 17:06:39

Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Ceyhun Bayramovun Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxışı, 21 may 2021-ci il

Hörmətli sədr,

Dəyərli həmkarlar,

İlk öncə Avropa Şurası Nazirlər Komitəsində sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə Almaniyanı təbrik etmək və gələcək Macarıstan sədrliyinə tam dəstəyimizi ifadə etmək istərdim.

2021-ci ilin 25 yanvar tarixində Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olmuşdur. Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycan bu təşkilat və onun müxtəlif təsisatları ilə təşkilatın bütün istiqamətləri üzrə konstruktiv əməkdaşlığa fəal cəlb olunmuşdur. Biz bu əməkdaşlığın qarşılıqlı hörmət və anlayış əsasında davam etdirilməsində maraqlıyıq. 

Bu il həmçinin, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasının 30-cu ildönümü qeyd olunur və ən vacibi odur ki, bu, bizim 30 illik müstəqilliyimizin ilk silahlı münaqişəsiz ilidir. Belə ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoymuşdur. Sözügedən sənəd iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı şərait yaratmışdır. Ölkəm regionda sülh və sabitliyi möhkəmləndirməyə, eləcə də buradakı xalqların rifahı naminə bu tarixi prosesi davam etdirməyə sadiqdir.

Təəssüf ki, biz hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin pozulmasının şahidi oluruq.  Məsələn, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etməsi xüsusilə narahatedicidir. Üzücüdür ki, ötən ilin noyabrından etibarən 120-dən çox Azərbaycanlı mina partlayışları nəticəsində həlak olmuş və xəsarət almışdır. Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi insan həyatlarının xilas edilməsi, post-münaqişə zamanı dirçəliş prosesi və bərpa işlərinin aparılmasının tezləşdirilməsi, eləcə də minlərlə məcburi köçkünün ayrılmaz hüququ olan öz doğma evlərinə təhlükəsiz və ləyaqətli şəraitdə qayıtması üçün mütləq və təxirəsalınmaz şərtdir. Həmçinin, Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina etməkdə davam edir.

Bundan əlavə, Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət Ermənistanı revanşıst fəaliyyət və Azərbaycana qarşı olan nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün unikal imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə davam etməlidir. Biz həmçinin beynəlxalq aktorların regionumuzda sülhün və barışığın qurulması ilə bağlı yaranmaqda olan müsbət, bununla yanaşı, kövrək olan prosesə xələl gətirə biləcək istənilən hərəkətdən çəkinməsini gözləyirik. Bu xüsusda, mən Azərbaycan və Ermənistan arasında sülh şəraitində birgə yaşayışa dair möhkəm inamımızı bir daha təkrarlamaq və bu məqsədlə Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyətlə birlikdə işləməyə hazır olduğumuzu bildirmək istəyirəm.

Diqqətiniz üçün təşəkkür edirəm.

Arxiv üzrə axtarış

xin diplomatic service