2021-05-20 11:49:36

No 176/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in suallarını cavablandırır

Sual: Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasını necə şərh edərdiniz?

Cavab: Birinci növbədə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib. 

İkincisi, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir. Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib.

Xatırlatmaq istərdim ki, Azərbaycan həmişə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına çağırıb və çağırmaqda davam edir. İnanırıq ki, qarşılıqlı hörmət və bu prinsiplərə ciddi riayət edilməsi, hər hansı bir mübahisənin həllinin və sözün əsl mənasında yaxşı qonşuluq münasibətləri qurmağın yeganə yoludur.

Onu da qeyd etməliyəm ki, Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan Bandunq prinsiplərinin təşviqini özünün sədrlik prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu prinsiplər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin inkişafına töhfə verir və beynəlxalq hüquq normaları və prinsiplərinə hörməti təmin edir. Qoşulmama Hərəkatı çərçivəsində birliyə zərər verən hər hansı cəhdlər qəbuledilməzdir.

Sual: Ermənistan tərəfindən, on illərdir kobud şəkildə pozulan beynəlxalq hüquq prinsiplərinə riayət etməyin vacibliyini qeyd etdiniz. Ermənistanın bu prinsiplərə sadiq qalacağına necə əmin ola bilərik, xüsusən də bu ölkədə anti-Azərbaycan düşüncəsinin və revanşist yanaşmanın artdığını nəzərə alarsaq?

Cavab: Təəssüf ki, Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Bu tendensiyanın təkcə Azərbaycana qarşı deyil, həm də erməni düşüncəsindən bir qədər fərqli fikir bildirməyə cəsarət edən hər hansı bir millət və ya qrupa qarşı yönəlməsi xüsusilə narahatlıq doğurur. Bu ölkədə nasistlərlə iş birliyi edənlərə sitayiş olunur, beynəlxalq terrorçular qəhrəmanlaşdırılır. Bu yaxınlarda Mahatma Qandi kimi dünyaca məşhur sülh və dözümlülük tərəfdarının abidəsinə qarşı anlaşılmaz tərzdə bir vandalizm aktı törədildi.

Ekstremizmin bu cür meylləri təhlükəlidir və onlar dərhal aradan qaldırılmalıdır. Ermənistanı zəhərli “milli üstünlük və ərazilərin genişləndirilməsi” fikirlərindən imtina etməyə təşviq etmək lazımdır. Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq.

Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır.

 

Arxiv üzrə axtarış

xin diplomatic service