news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 oktyabr 2016

18-19 oktyabr 2016-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasında qətnamələr qəbul olunub

18-19 oktyabr 2016-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasında Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olunub.

Qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafıq, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilir.

Qətnamədə işğal olunmuş Azərbaycan ərazilərində mədəni mülkiyyətin itkisi, məhvi, çıxarılması, talan edilməsi, qanunsuz daşınması və mənimsənilməsi vandalizm aktı kimi qeyd olunur. Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirtdiklərini bildirir və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icra edilməsinə riayət olunmasına çağırış edirlər.

İƏT-ə üzv dövlətlər bir daha Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edirlər.

Qətnamədə həmçinin. Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətlər və insanlıq əleyhinə cinayətlərdən, o cümlədən işğal olunmuş ərazilərdə arxeoloji, mədəni və dini abidələrin qarət edilməsi və məhvindən ciddi narahatlıq ifadə olunur. Tələb olunur ki, Ermənistan silahlı qüvvələri BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır.

Sənəddə Ermənistanın təcavüzkar kimi tanınması və təşkilatın nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, lazımı tədbirlərin görülməsi üçün BMT TŞ-ə çağırış edilir. Eləcə də üzv dövlətlərdən xahiş olunur ki, silah və hərbi avadanlığın Ermənistana ötürülməsi üçün öz ərazilərdindən tranzit kimi istifadəyə imkan verməsinlər.

Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, BMT TŞ-nin müvafiq qətnamələri, eləcə də ATƏT-in sənəd və qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğu qeyd olunur.

Qərara alınır ki, üzv dövlətlərin BMT-dəki Daimi missiyaları BMT Baş Assambleyasında səsvermələr zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versinlər.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilir.

Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur.

Ermənistandan tələb olunur ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.

Daşkənddə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-ci toplantısında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti