Qara Dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsü Türkiyə Respublikasının təklifi ilə 1992-ci ilin 25 iyun tarixində İstanbulda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə İstanbul Bəyannaməsinin imzalanması ilə yaranmışdır.
1998-ci ilin 5 iyun tarixində Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ilin 1 may tarixində qüvvəyə minməsi ilə sözügedən əməkdaşlıq mexanizmi təşkilat statusunu almışdır. Hazırda təşkilata 13 üzv dövlət daxildir: Azərbaycan Respublikası, Albaniya Respublikası, Ermənistan Respublikası, Bolqarıstan Respublikası, Yunanıstan Respublikası, Gürcüstan, Moldova Respublikası, Rusiya Federasiyası, Rumıniya, Serbiya Respublikası, Şimali Makedoniya Respublikası, Türkiyə Respublikası və Ukrayna. Təşkilatın Daimi Beynəlxalq Katibliyi İstanbulda yerləşir.
Qara Dəniz Regionunda uzun müddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılması vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi QDİƏT-in əsas prioritetlərindəndir.
2001-ci ildə qəbul edilmiş və 2012-ci ildə yenilənmiş “QDİƏT-in Gələcək üçün İqtisadi Gündəliyi: güclənən QDİƏT tərəfdaşlığına doğru” sənədinə əsasən, təşkilat çərçivəsində prioritet əməkdaşlıq sahələri kimi, aşağıdakılar müəyyən edilmişdir: ticarət və investisiyalar, gömrük, energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, elm və texnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, təhsilə investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, kiçik və orta müəssisələrin inkişafı.
Nizamnaməyə uyğun olaraq, QDİƏT çərçivəsində əməkdaşlıq aşağıdakı mexanizmlər tərəfindən aparılır:
- Xarici İşlər Nazirləri Şurası
- Yüksək Vəzifəli Şəxslər Komitəsi
- Katiblik
QDİƏT çərçivəsində əməkdaşlıq sahələri üzrə fəaliyyəti 20 işçi qrup vasitəsilə həyata keçirilir. Ümumi əlaqələndirmə təşkilatın İstanbul şəhərində yerləşən katibliyi tərəfindən aparılır. Lazar Komanesku QDİƏT-in baş katibidir.
Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilat çərçivəsində fəal əməkdaşlıq edir və səmərəliliyinin artırılmasına yönəldilmiş təşəbbüsləri dəstəkləyir.
Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya texnologiyaları, elm və texnologiyalar və sair sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir.
İndiyədək Azərbaycan QDİƏT-də 4 dəfə (2003, 2004, 2009, 2018) sədrlik etmiş və təşkilatın 20-dən çox müxtəlif səviyyəli tədbirlərinə ev sahibliyi etmişdir.
Azərbaycan Respublikasının İstanbul şəhərində baş konsulu eyni zamanda QDİƏT yanında daimi nümayəndədir.