Hüquqi icmal

 

Sovet respublikaların mövcud sərhədlərinin dəyişdirilməsi prosedurları SSRİ konstitusiyasında və sovet respublikaların konstitusiyalarında təsbit olunmuşdur. Belə ki, 1977-ci il SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, sovet respublikasının ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin mərkəzi orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi. Bu müddəa, həmçinin, Ermənistan SSR və Azərbaycan SSR Konstitusiyalarında  da öz əksini tapmışdır.

 

Bu baxımdan, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV)[1] Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsinə dair 20 fevral 1988-ci il tarixli müraciət Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Sovetinin Rəyasət Heyəti müvafiq olaraq 17 iyun və 18 iyul 1988-ci il tarixli qərarları ilə rədd edilmişdir. Başqa sözlə, DQMV-nin Azərbaycanın tərkib hissəsi olduğu təsdiq edilmişdir.

 

Ermənistan SSR digər qeyri-qanuni vasitələrlə DQMV-ni ilhaq etmək cəhdlərindən əl çəkmirdi. Ermənistanın ali qanunverici orqanı SSRİ konstitusiyası və  digər əsas normativ hüquqi aktları pozaraq bir sıra qərarlar qəbul etmişdir. Onlardan biri də Ermənistan SSR Ali Sovetinin Ermənistan SSR-i ilə DQMV-nin birləşməsi haqqında 1 dekabr 1989-cu il tarixli qərarı olmuşdur. Lakin, 10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in razılığı olmadan DQMV-nin Ermənistana birləşdirilməsi cəhdlərinin qeyri-qanuni olduğunu bəyan edən “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu ildə və 9 yanvar 1990-cı ildə qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması” qərarını qəbul etmişdir.  

 

Ermənistanın “Müttəfiq respublikaların SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa istinad etməklə də öz mövqeyini əsaslandıra bilməmişdir. Əslində, bu Qanunun formal məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrıldıqları təqdirdə tətbiq olunacaq xüsusi qaydaları müəyyənləşdirərək SSRİ çərçivəsində qarşılıqlı münasibətləri tənzimləmək olsa da, Sovet İttifaqının süqutundan qısa müddət əvvəl tələsik qəbul edilmiş sözügedən Qanunun həqiqi məqsədi müttəfiq respublikalarının ayrılmasına ciddi maneələr yaratmaq, beləliklə də SSRİ-nin dağılmasının qarşısını almaq olmuşdur.

 

Qanunun qəbulundan SSRİ-nin rəsmi ləğvinə qədər olan qısa müddət ərzində müttəfiq respublikalardan heç biri Qanunla nəzərdə tutulmuş ayrılma proseduruna müraciət etməmişdir. Bu səbəbdən 3 aprel 1990-cı il tarixli Qanun heç vaxt tətbiq edilməmişdir. Əksinə, SSRİ-də surətlə baş vermiş dramatik hadisələr fonunda hətta Sovet İttifaqı beynəlxalq hüquqi şəxs kimi mövcudluğunu dayandırdıqdan əvvəl bu Qanun hüquqi qüvvəsini itirmişdir.

 

Başqa sözlə, Azərbaycanın müstəqilliyinin bərpası ərəfəsində onun razılığı olmadan DQMV-nin Ermənistanla hər hansı formada birləşməsinin Sovet hüquq sistemi çərçivəsində qeyri-qanuniliyi ən yüksək konstitusiya səviyyəsində təsdiq edilmişdir. Azərbaycan belə bir razılıq verməmişdir. Buna görə də, Azərbaycan ərazisi anlayışı bu dövlət öz müstəqilliyini bərpa edərkən və eyni zamanda tətbiq olunan hüquqa əsasən açıq-aydın Qarabağ bölgəsini də əhatə etmişdir.

 

SSRİ-nin 1991-ci ilin dekabr ayında süqutundan sonra uti possidetis juris beynəlxalq hüquq prinsipi yeni müstəqil dövlətlərin sərhədlərinin beynəlxalq legitimliyinin əsasını təşkil etmişdir. Sözügedən prinsipə əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanınmış və beynəlxalq hüququn mühafizəsi altına alınmışdır. Bu BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884  saylı 1993-cü il tarixli qətnamələrində də öz əksini taparaq bir daha təsdiqlənmişdir.

 

Ermənistan Qarabağ bölgəsinin ilhaqına heç bir hüquqi əsas tapmayaraq, xalqların öz müqəddəratını təyin etmə prinsipinə əl atmışdır. Lakin, məlum olduğu kimi, öz müqəddəratını təyin etmə prinsipi sessesiya hüququ kimi yozula bilməz. Ermənistanın öz müqəddəratını təyin etmə prinsipini istinad edərək müstəqil Azərbaycandan ərazilərin “sessesiyası” cəhdləri dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi hamılıqla qəbul olunmuş normaların, eləcə də beynəlxalq hüququn digər müvafiq müddəalarının, o cümlədən ərazi bütövlüyünə qarşı gücdən istifadəni qadağan edən qaydanın pozulması deməkdir.

 

 

 

[1] Azərbaycan Respublikasının Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarına əsasən DQMV inzibati-ərazi vahidi kimi ləğv olunmuşdur.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti