İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının (İSESKO) təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman Islam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülmüşdür.
İƏT üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü zirvə görüşündə (25-28 yanvar 1981-ci il) islam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan İSESKO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınmışdır.
İSESKO-nun təsis Konfransı 3 may 1982-ci ildə Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində keçirilmişdir. 28 dövlətin təmsil olunduğu Konfransda mərakeşli ictimai-siyasi xadim Əbdül Hadi Butalib (1923-2009) İSESKO-nun ilk baş direktoru seçilmişdir. O, 1982-1991-ci illərdə İSESKO-ya rəhbərlik etmişdir.
Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
İSESKO-nun keçmiş Baş direktoru Ə.O.Əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş aşağıdakı tədbirlər – “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” Mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammiti (26-27 aprel 2010) və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları(7-9 aprel 2011-ci ildən I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan 2-3 may 2019-cu il tarixlərində Bakı şəhərində keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qədər) xüsusilə qeyd edilməlidir.
İSESKO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir.
İSESKO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində İSESKO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək diqqətə layıqdir. İSESKO çərçivəsində qəbul edilmiş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr öz əksini tapmışdır.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.
İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tuveycri Azərbaycan Respublikası, İSESKO və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş (18-19 mart 2013-cü il) “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans”da, Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilən “İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda (29 may-1 iyun 2013-cü il), “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu”nda (31 oktyabr-01 noyabr 2013-cü il) iştirak etmək məqsədilə ölkəmizdə səfərlərdə olmuşdur.
AR Prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamı əsasında İSESKO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.
09-10 noyabr 2017-ci il tarixlərində AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri zamanı “ASAN Xidmət” modelinin İSESKO üzv dövlətlərində tətbiqi məsələləri ilə bağlı “ASAN Xidmət” və İSESKO arasında Anlaşma Memorandumu imzalanmışdır.
13 dekabr 2018-ci il tarixli AR Prezidentinin sərəncamı ilə AR-in Mərakeş Krallığındakı səfiri Oktay Sudef oğlu Qurbanov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfir və AR-in İSESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.
18 yanvar 2019-cu il tarixində “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə İSESKO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılmış və insanlığa qarşı bir cinayət kimi pislənilmişdir. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilmişdir.
31 yanvar 2019-cu il tarixində İSESKO tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verilmişdir.
2-3 dekabr 2019-cu il tarixlərində İSESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının aşağıdakı mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir:
-Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi,
-Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi,
-Qobustan Qaya Sənəti Mədəni Landşaftı.
29-30 yanvar 2020-ci il tarixlərində Əbu Dabidə keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) İcraiyyə Şurasının 40-cı sessiyası zamanı təşkilatın rəsmi adının “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı” (ICESCO- İslamic World Educational, Scientific and Cultural Organization) kimi dəyişdirilməsinə dair qərar qəbul edilmişdir.
29 sentyabr 2020-ci il tarixində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) irs, mədəniyyət və təhsil ilə əlaqəli bir qurum olaraq Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son hadisələrdən, əhəmiyyətli sivil dəyərə malik arxeoloji və tarixi məkanların, o cümlədən bir sıra məscidlərin və müqəddəs tarixi yerlərə qarşı dağıntıların törədilməsindən narahatlığını bildirən bəyanatla çıxış etmişdir.
13 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Prezident sıx əməkdaşlığa, daimi dəstəyə xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə Baş direktora təşəkkürünü bildirmişdir.