Etnik təmizləmə

 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi həmin ərazilərinin yerli mülki əhalisinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət edilmişdir. Bu əməllərin ardıcıl və sistematik şəkildə həyata keçirilməsi onların Ermənistan hökuməti tərəfindən planlaşdırılmasını və onun göstərişləri ilə həyata keçirildiyini göstərir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhərləri, qəsəbələri, yaşayış məntəqələri və kəndlərini işğal edərkən eyni hərbi taktikadan istifadə edirdi: mümkün olduqda yaşayış məntəqələrini hərbi mühasirəyə alır; mümkün qədər çox insanı öldürmək məqsədilə mülki şəxsləri hədəf alaraq kortəbii atəş açır; insanları girov götürüb onları kütləvi təcavüz, işgəncə və başqa alçaldıcı rəftarlara məruz qoyurdu.

1990-cı illərin əvvəlində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 000 insan öldürülmüş və 50 000 insan yaralanmış və ya əlil olmuşdur. 4.000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir. Bütün işğal olunmuş ərazilərdə 700 000-dən çox azərbaycanlı etnik təmizlənməyə məruz qalmışdır. Eynilə, 1980-ci illərin sonunda təxminən 250 000 azərbaycanlı Ermənistandan qovulmuşdur. Beləliklə, bir zamanlar indiki Ermənistanda əksəriyyət təşkil edən Azərbaycan əhalisi öz əzəli torpaqlarından tam şəkildə etnik təmizlənməyə məruz qalmışdır.

Avropa Şurasının Parlament Assambleyası 1416 saylı 2015-ci il tarixli qətnaməsində [Ermənistan tərəfinin] hərbi əməliyyatlarının “dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan genişmiqyaslı etnik qovulma və mono-etnik ərazilərin yaranmasına səbəb olduğunu” təsdiq etmişdir.[1]

Azərbaycan ərazilərinin işğalı zamanı hərbi əməliyyatlara məsul olan Ermənistanın sabiq prezidenti Serj Sarkisyan xarici jurnalistlərdən birinə verdiyi müsahibəsində aşağıdakıları etiraf etmişdir: “...bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə oldu ki, etnik təmizləmə baş verdi. Başqa cür də ola bilməzdi.” Həmin müsahibədə Serj Sarkisyan Xocalı soyqırımı mövzusuna toxunaraq “əgər mülki əhali orada qalırsa ... deməli, o da hərbi əməliyyatlarda iştirak edir” bildirmişdir.[2]

Bu açıqlama Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdəki mülki əhalini hərbi hədəf hesab etdiklərini açıq aydın göstərir. Bunu etməklə, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmuş və onun ən mühüm prinsiplərini, yəni mülki şəxslər və döyüşçülər arasında fərqin qoyulması və hərbi zərurət prinsiplərini tapdalamışdır. Bu dövlət Azərbaycana qarşı başladığı müharibə zamanı törədilən müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımı aktlarına görə məsuliyyət daşıyır.[3]

İşğala məruz qalmış Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən kütləvi qırğınlar və etnik təmizləmə tək bir hal deyildir. Tarixən Ermənistan qüvvələri Zəngəzur daxil olmaqla azərbaycanlıların məskunlaşdığı müxtəlif bölgələrdə kütləvi qırğınlar və etnik təmizləmə törətmişlər. 1918-1920-ci illərdə Ermənistan qüvvələri Zəngəzur qəzasının (hal-hazırda Ermənistanın Syunik vilayətidir) 200-dən çox kəndində  etnik təmizləmə həyata keçirmişlər. Erməni tarixçi Razmik Panosyan Zəngəzur hadisələrinə “ölkənin [Ermənistanın] demoqrafik balansını ermənilərin xeyrinə artırmış etnik təmizləmə” kimi istinad edir.[4]

 


[1] Avropa Şurasının Parlament Assambleyası 1416 saylı 2005-ci il tarixli qətnaməsi

https://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=17289&lang=en

[2] O vaxtkı müdafiə naziri (Ermənistanın sabiq prezidenti) Serj Sarkisyanın Tomas Vaala verdiyi müsahibənin yazısı, 15 dekabr 2000-ci il, 2012, Carnegie Endowment for International Peace. http://carnegieendowment.org/files/DeVaalinterview_r.pdf

[3] Ermənistanın törətdiyi cinayətlər barədə daha ətraflı məlumat internet saytın müvafiq bölmələrindən əldə oluna bilər

[4] Panossian, Razmik, The Armenians. London: C. Hurst & Co., 2006, səh.255

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti