
Fransa Respublikası
Azərbaycan Respublikası və Fransa Respublikası arasında ikitərəfli münasibətlər
Fransa Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Fransadakı Səfirliyi 20 oktyabr 1994-cü ildə təsis olunmuşdur. Fransanın Azərbaycandakı Səfirliyi 16 mart 1992-ci ildən fəaliyyət göstərir.
Azərbaycan və Fransa arasında əlaqələr siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- AR Prezidenti Heydər Əliyev Fransaya səkkiz rəsmi və işgüzar səfər etmişdir;
- AR Prezidenti İlham Əliyev Fransaya 13 rəsmi və işgüzar səfər həyata keçirmişdir. Sonuncu səfər 19-20 iyul 2018-ci ildə (rəsmi səfər) baş tutmuşdur;
- Fransa Prezidentlərinin Azərbaycana ümumilikdə üç səfəri baş tutmuşdur. Sonuncu səfər 24-25 aprel 2015-ci il tarixlərində Fransua Ollandın işgüzar səfəri olmuşdur.
Vitse-prezidentlərin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Fransaya iki səfər etmişdir.
Baş nazirlərin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Baş naziri səviyyəsində Fransaya üç səfər həyata keçirilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Fransaya 25 səfər etmişdir. Sonuncu səfər 9-10 noyabr 2021-ci il tarixlərində YUNESKO-nun Baş konfransının 41-ci sessiyasında iştirak məqsədilə nazir Ceyhun Bayramov tərəfindən edilmişdir;
- Fransanın Avropa və xarici işlər nazirləri indiyədək Azərbaycana dörd dəfə səfər etmişdir. Sonuncu səfər 27 aprel 2023-cü ildə nazir Katrin Kolonna tərəfindən həyata keçirilmişdir.
Parlamentlərarası əlaqələr
- Azərbaycan Respublikasının Milli Məclisinin sədri Fransaya iki səfər etmişdir. Sonuncu səfər sədr Oqtay Əsədov tərəfindən 30 oktyabr-1 noyabr 2007-ci il tarixlərində baş tutmuşdur. Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Qrupun sonuncu rəhbəri Soltan Məmmədov olmuşdur. İşçi qrupu öz fəaliyyətini 3 oktyabr 2023-cü il tarixində dayandırmışdır.
- Fransa Senatının sədri Kristian Ponsele 22 iyul 1999-cu il Azərbaycana səfər etmişdir. Fransa Respublikası Milli Assambleyasında Fransa–Azərbaycan parlamentlərarası dostluq qrupu mövcuddur. Dostluq qrupu öz fəaliyyətini 29 sentyabr 2023-cü il tarixində dayandırmışdır.
- Fransa Respublikası Senatında Fransa–Qafqaz (Azərbaycan, Gürcüstan) parlamentlərarası dostluq qrupu mövcuddur. Qrupun rəhbəri Alen Uperdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Fransa arasında 53 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanda Fransa investisiyalı şirkətlər əsasən sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir. Bu ölkənin “MEDEF-International” assosiasiyası (Fransa Müəssisələri Hərəkatı) Azərbaycanın investisiya potensialına dair fransız şirkətlərinin məlumatlandırılmasında mühüm rola sahibdir.
Azərbaycan-Fransa İqtisadi Komissiyası 1997-ci ilin dekabrında yaradılmış, Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə 28 sentyabr 2006-cı il tarixində Azərbaycab Respublikasının Prezidenti tərəfindən Sərəncam imzalanmışdır. Komissiyanın indiyədək 8 iclası təşkil edilmiş, sonuncu iclas isə 2016-cı ilin 13 dekabr tarixində Paris şəhərində keçirilmişdir.
Eyni zamanda Azərbaycan və Fransanın dövlət və özəl sektor tərəfdaşlığını təşviq etmək, iki ölkə arasında biznes və ticarət əlaqələrini daha da inkişaf etdirmək məqsədilə “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” ictimai birliyi təsis edilmişdir. İB-nin açılış mərasimi 12 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Fransa Respublikasının sabiq Prezidenti cənab Fransua Olandın iştirakı ilə baş tutumuşdur.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcminə dair son 5 ilin statistikası aşağıdakı cədvəldə əks olunmuşdur:
|
İl |
Ticarət dövriyyəsi (min ABŞ dolları) |
İxrac (min ABŞ dolları) |
İdxal (min ABŞ dolları) |
|
2021 |
245 463 |
64 595 |
180 868 |
|
2022 |
273 833 |
50 979 |
222 854 |
|
2023 |
536 270 |
133 219 |
403 051 |
|
2024 |
331 612 |
96 304 |
235 308 |
|
2025 |
415 068 |
155 145 |
259 923 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
Ünvan: 78, d’lena meydanı, 75116 Paris, Fransa
Rəsmi internet səhifəsi: www.paris.mfa.gov.az