No:204/26, Rusiya dövlət televiziyası olan "1-ci" kanalda Azərbaycan əleyhinə təxribata dair mətbuat katibi Ayxan Hacızadənin yerli medianın sualına cavabı
08 may 2026 13:40
Sual: 6 may tarixində Rusiya dövlət televiziyası olan "1-ci" kanalın "zaman göstərər” (“vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib. Xəritədə "Dağlıq-Qarabağ" adlandırılan ərazi yerləşdirilib. Bu təxribatı necə şərh edərdiz?
Cavab: 6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.
Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir.