No:029/26, Rusiya Federasiyasının ölkəmizdəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılması barədə mətbuat məlumatı

06 fevral 2026 18:14

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

 

K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

 

Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti