2020-05-19

No:111/2‬0, Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov və Venesuela Bolivar Respublikasının Xarici işlər naziri Xorxe Alberto Arreaza Montserrat iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib

Nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Xorxe Alberto Arreaza Montserratı təbrik edib.

Məktubda 25 il ərzində iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında formalaşmış münasibətlərin Azərbaycan-Venesuela ikitərəfli əlaqələrinin daha da inkişaf etməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Burada, nisbətən qısa müddət ərzində ölkələr arasında dostluq əlaqələrinin daha da genişləndiyi və bir çox sahələri əhatə etdiyi, xüsusən də ikitərəfli siyasi dialoq, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət vurğulanıb.

Nazir Elmar Məmmədyarov Nazirliklər arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində hərtərəfli və ardıcıl əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Bolivar Venesuela Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə verdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. Nazir beynəlxalq ictimaiyyətin üzvlərinin prinsipial mövqeyi əsasında münaqişənin tezliklə həllini tapacağına ümid bəslədiyini qeyd edib.

Məktubda qeyd olunub ki, Azərbaycan Respublikası qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək üçün Qoşulmama Hərəkatına çoxtərəfli format kimi xüsusi əhəmiyyət verir. Nazir Qoşulmama Hərəkatı Təmas Qrupunun dövlət və hökumət başçılarının 4 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən "COVİD-19 pandemiyasına qarşı birlikdə" mövzusundakı Zirvə görüşünü xatırladaraq, Qoşumama Hərəkatı Üçlüyü və yeni yaradılan İşçi Qrupunun üzvləri olaraq, müasir dünyanın əsas çağırışlarına cavab verəcək Hərəkatın rolunun və effektivliyinin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğu ifadə edib.

Sonda Nazir Elmar Məmmədyarov ən xoş arzularını çatdıraraq, dost Venesuela xalqına xoşbəxtlik, sülh və firavanlıq arzulayıb.

Venesuela Xarici İşlər naziri Xorxe Arreaza Bolivar Respublikanın Prezidenti Nikolas Maduro Moros, Venesuela xalqı və şəxsən öz adından, Venesuela Bolivar Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə ən xoş təbrik sözlərini nazir Elmar Məmmədyarova çatdırıb.

Venesuela və Azərbaycanın hal-hazırda Qoşulmama Hərəkatı Üçlüyünün üzvü olduğu qeyd olunaraq, bunun hər iki xalq arasında daha da yaxınlaşmaya imkan verəcəyi bildirilib. Məktubda vurğulanıb ki, cari ilin mayın 4-də Azərbaycanın müdrik sədrliyi ilə Hərəkat bütün insanlığa qeyri-müəyyən şəkildə hücum edən COVİD-19 pandemiyasına qarşı mübarizənin aparılması üçün çoxtərəfli çərçivədə səmərəli və davamlı həll yollarının tapılmasını təbliğ edib.

Venesuela Xarici İşlər naziri 2017-ci ildə Bakı şəhərində diplomatik nümayəndəliyin açılmasının Azərbaycan və Orta Asiya ilə münasibətləri yeni səviyyəyə yüksəltdiyini, həmin qərarın hər iki ölkə arasında və bölgə ilə mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə və genişləndirməyə imkan yaratdığını qeyd edib.

Sonda, nazir Xorxe Arreaza Azərbaycan xalqına çiçəklənmə, firavanlıq və inkişaf üçün ən səmimi arzularını çatdırıb, xalqlarımızın suverenliyinə və öz müqəddəratına hörmətdən ilhamlanan və çox yönlü bir dünya qurmaq kimi ortaq dəyərləri güdən ikitərəfli münasibətlərin möhkəmləndirilməsi arzusunu ifadə edib.

Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasında diplomatik münasibətlər 12 may 1995-ci ildə qurulub.

Arxiv üzrə axtarış

xin diplomatic service