No:355/26, Nazir Ceyhun Bayramovun Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak və çıxışına dair mətbuat məlumatı

10 sentyabr 2026 14:44

10 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak və çıxış edib.
 
Çıxışı zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrilməsi, AIDA-nın 15 illik fəaliyyəti və ölkəmizin beynəlxalq inkişaf əməkdaşlığına töhfələri barədə danışıb.
 
Azərbaycanın beynəlxalq yardım siyasətinin xalqımızın həmrəylik və xeyriyyəçilik ənənələrinə əsaslandığı, bu yanaşmanın xüsusilə təhsil sahəsində özünü büruzə verdiyi diqqətə çatdırılıb. 120-dən çox ölkədən tələbələrin indiyədək Azərbaycanda təhsil aldığı və ya hazırda təhsilini davam etdirdiyi bildirilib.
 
2000-ci ildən etibarən Azərbaycanın sürətli iqtisadi inkişafının sistemli beynəlxalq yardım siyasətinin həyata keçirilməsi üçün zəruri imkanlar yaratdığı qeyd olunub. Möhtərəm cənab Prezidentin tapşırığı əsasında 2011-ci ildə AIDA-nın yaradılmasının Azərbaycanın humanitar və inkişaf yardımlarının əlaqələndirilməsi, ölkəmizin inkişaf təcrübəsinin paylaşılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində mühüm mərhələ olduğu diqqətə çatdırılıb.
 
Son 15 il ərzində Azərbaycanın beynəlxalq yardımından 140-dan çox ölkənin faydalandığı, bu çərçivədə Afrika qitəsinin bütün 54 ölkəsinə, Qoşulmama Hərəkatının 121 üzvündən 111-nə, İslam Əməkdaşlıq Təşkilatının 57 üzvündən 52-nə, 44 ən az inkişaf etmiş ölkədən 43-nə və 39 inkişaf etməkdə olan kiçik ada dövlətindən 28-nə yardım göstərildiyi bildirilib. 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardımlar çərçivəsində təxminən 400 milyon ABŞ dolları məbləğində vəsaitin ayrıldığı vurğulanıb.
 
Azərbaycanın COVID-19 pandemiyası dövründə 80 ölkəyə yardım göstərdiyi, Afrikada Ebola epidemiyasına qarşı mübarizə və qarşısı alına bilən korluğun aradan qaldırılması istiqamətində layihələrə dəstək verdiyi qeyd edilib. Həmin layihələr çərçivəsində 900 mindən çox insanın göz müayinəsinin təşkil olunduğu və 150 mindən çox katarakt əməliyyatının həyata keçirildiyi diqqətə çatdırılıb.
 
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığının yalnız maliyyə yardımı ilə məhdudlaşmadığını, bilik, bacarıq və təcrübənin paylaşılmasının da mühüm istiqamət olduğunu vurğulayıb. “Cənub-Cənub” əməkdaşlığı çərçivəsində elektron idarəetmə, dövlət xidmətləri, təhsil, səhiyyə və sosial müdafiə sahələrində Azərbaycanın təcrübəsini tərəfdaş ölkələrlə bölüşdüyü, “ASAN xidmət” modelinin bariz nümunələrdən biri olduğu qeyd olunub.
 
Nazir çıxışında Azərbaycanın COP29 sədrliyi dövründə inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin artırılmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini xatırlayıb. Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin iqlim dəyişmələrinə həssas və münaqişələrdən zərər çəkmiş ölkələrə praktiki dəstəyin göstərilməsi baxımından mühüm platforma olduğu bildirilib.
 
Xarici işlər naziri çıxışının sonunda Azərbaycanın beynəlxalq yardım siyasətinin gələcəkdə də tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı faydalılıq, təcrübə mübadiləsi və dayanıqlı nəticələr prinsipləri əsasında davam etdiriləcəyini diqqətə çatdırıb.
 
Konfrans çərçivəsində həmçinin AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri aparılıb.

Konfrans çərçivəsində həmçinin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələr sertifikatlarla təltif olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti