No:193/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası vətəndaşlarının Suriyadan repatriasiyası ilə bağlı məlumatı

2021-ci ilin 27 may tarixində Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.

Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan qadın və azyaşlı uşaqların yeri müəyyən edilib, onların şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti dəqiqləşdirilib. Daha sonra İraq və Suriyadan AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilmişlər.

Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyə Respublikasına sərhəd keçidi təmin edilib.

Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci ilin 26 may tarixində qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımızın ölkəyə qayıtması üçün onlara “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri rəsmiləşdirilib və onlar Azərbaycana uçuş biletləri ilə təmin ediliblər.

Cari ilin 27 may tarixində Türkiyə Respublikasının miqrasiya xidməti rəsmilərinin və Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə yuxarı qeyd olunan vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti