2021-05-19 18:25:06

No:175/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mərbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşünə dair məlumatı

19 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Nazir Ceyhun Bayramov nümayəndə heyətinə bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrası ilə bağlı məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, o cümlədən Azərbaycanın hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytardığını, 1600-dək erməni hərbçisinin cəsədinin qarşı tərəfə təhvil verildiyini, habelə kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqların davam etdirildiyini qeyd edib. Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumatın bu günədək Ermənistan tərəfindən verilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bölgədə iki dövlətin sərhəd ərazisində baş verən son gərginlikdən bəhs edən nazir, Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib. Bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov enerji məsələlərinə də toxunaraq, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən və onların bölgənin inkişafına verdiyi töhfədən danışdı. ABŞ-ın Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinə verdiyi davamlı dəstək məmnunluqla qeyd olundu.

Daha sonra nazir nümayəndə heyətinin suallarını cavablandırdı; tərəflər arasında ikitərəfli münasibətlər, habelə regional təhlükəsizlik məsələləri üzrə geniş fikir mübadiləsi aparıldı.

Arxiv üzrə axtarış

xin diplomatic service