No:093/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Ermənistan tərəfinin hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə ünvanladığı mə
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, öz hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə 1 mart 2021-ci il tarixində ünvanladığı məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Məktubunda nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bölgədə qeyri-sabitliyə xidmət edən addımlarına Baş katibin diqqətini cəlb edərək, bu xüsusda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumatı çatdırır. Bu faktın Ermənistanda hərbçilərin ailələrinin etirazına səbəb olduğu və müstəqil media tərəfindən qeydə alındığı bildirilir.
Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsinin Ermənistanın beynəlxalq öhdəliklərininin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və riayət etmək öhdəliyininin kobud şəkildə pozulması halı olduğunu vurğulayır.
Xatırlatmaq istərdik ki, bir müddət öncə nazir Ceyhun Bayramovun Ermənistanın üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti, o cümlədən terrorçu-sabotaj qrupunun Azərbaycan ərazilərinə göndərilməsi, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsi və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair BMT Baş katibinə məktubları Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub.