2020-10-05 21:45:36

No:318/20, Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasındakı telefon danışığına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatı

5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutdu.​

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verdi. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırıldı ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri, habelə təmas xəttindən çox uzaqda yerləşən Xızı və Abşeron rayonlarını qəsdən raket atəşinə tutur. Nazir Ceyhun Bayramov həmsöhbətini Ermənistanın yaşayış məskənlərini atəşə tutması nəticəsində ciddi itkilər verdiyini bildirdi. Nazir qeyd etdi ki, Ermənistanın bu hərbi təxribatı vəziyyətin qəsdən pisləşməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatlar zonasını böyütmək niyyətini nümayiş etdirir.

Dövlət katibinin müavini Stiven Biqan bölgədəki gərginliyin artması və hərbi əməliyyatların genişlənməsindən ciddi narahatlığını dilə gətirdi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ilə dialoqun vacibliyini vurğuladı.

Nazir Ceyhun Bayramov vurğuladı ki, Ermənistan beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirməlidir.

Arxiv üzrə axtarış

xin diplomatic service