No:234/20, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan Xarici İşlər nazirinin "İnterfaks" agentliyinə müsahibəsinə dair sualını cavablandırır.

Sual: Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyan “İnterfaks” Agentliyinə müsahibəsində münaqişənin həlli prosesi ilə bağlı məsələlərdən danışıb, siyasi iradənin olmasının vacibliyini qeyd edib. Bununla bağlı nə deyə bilərsiniz?

Cavab: Maraqlıdır, beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq qonşu ölkənin beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, üstəlik öz əməlləri və bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin Xarici İşlər naziri bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları bu ölkənin Xarici İşlər nazirinin bəhs etdiyi “sülh şəraitinin” yaradılmasına əsas əngəldir.

Yalnız son bir ay yarım vaxt ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzər salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə müşahidə etmək olar.

Cari ilin 12-16 iyul tarixlərində Ermənistan iki dövlətin sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını həyata keçirərək, Azərbaycan mövqelərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi etdi. Ermənistanın gücdən istifadə etməklə yeni təcavüz aktının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı.

Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu yolla işğalçı Ermənistan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi.

Ermənistanın hərbi siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi avantürasının uğursuzluğunu kompensasiya etmək üçün digər təxribatlara əl atdı. Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinin qarşısı alındı, qrupun rəhbəri zərərsizləşdirildi.

Son olaraq, Ermənistan  Baş naziri N.Paşinyanın 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşü, Azərbaycanın hazırda hərbi işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu.

Bütün bu sadalananlardan sonra, görəsən Z.Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır?

Gənc nəsli “Njdeizm” irqçi ideologiyası və faşizm dəyərləri əsasında tərbiyə edilən, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin nümayəndələrinin dünyanın müxtəlif ölkələrində Azərbaycanlılara qarşı nümayiş etdirdikləri vandalizm və nifrətə əsaslanan cinayət əməllərinin səbəbləri hamıya yaxşı bəllidir. Odur ki, xarici ölkələrdəki etnik qarşıdurmanın qarşısının alınmasını münaqişənin həllində siyasi iradə nümayiş etdirilməsi ilə əlaqələndirən erməni nazirinin bu fikirləri cəfəngiyyatdır. Çünki Ermənistan illərdir ki, bu siyasi iradəni nümayiş etdirə bilməyib.

Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti