2020-08-20 19:03:21

No:223/20, AR XİN Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerikalar üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığına dair məlumatı

Cari ilin 20 avqust tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Dövlət Naziri Vendi Morton Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra istiqamətləri üzrə fikir mübadiləsi aparıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı barədə məlumat verib və bu təxribatın Ermənistan rəhbərliyinin münaqişənin həlli üzrə danışıqlar prosesinə əngəl törətmək məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirdiyini bildirib.

Vendi Morton, öz növbəsində bölgədə gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Arxiv üzrə axtarış

xin diplomatic service