2020-08-17 15:11:51

No:220/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhi

Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir. Bütün bunlar Ermənistanın səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirmək məqsədini güddüyünün bariz təzahürüdür.

Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir.

Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Özünün hərbi təxribatlarının Azərbaycan ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür.

Ermənistan tərəfi Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməkdən növbəti dəfə çəkinməyərək, Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib.

Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma “rəsmi qurumların” Şuşa şəhərinə köçürmək niyyətini bildirib.

Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir.

Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri qayıtmaq hüququnun bərpa edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir. Bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz Ermənistanın sözügedən niyyətindən birdəfəlik imtina edilməməsi ciddi fəsadlar törətmək təhlükəsi yaradır.

Ermənistan, Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qanunsuz iqtisadi və digər fəaliyyətlər kontekstində Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək istiqamətində addımlar atır. Sərsəng su anbarı ilə bağlı Ermənistanın addımları Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, dövlət və xüsusi mülkiyyət hüquqlarının növbəti pozuntusu olmaqla qanunsuz mahiyyət daşıyır. Azərbaycan ərazilərini işğal etdikdən bəri Ermənistan Sərsəng su anbarından ekoloji terror aləti kimi istifadə etməklə, işğal edilmiş ərazilərimizə yaxın məskunlaşmış Azərbaycan vətəndaşlarını su resurslarından məhrum edir, nəticədə həmin ərazilərdə ekoloji vəziyyətə ciddi ziyan vurulub, bio-müxtəlifliyə xələl gətirilib. Qeyd edilənlər birmənalı olaraq, Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində təsbit edilib. Su anbarının infrastrukturunun dəyişdirilməsi istiqamətində cəhdləri Ermənistanın qeyd edilən ekoloji terror siyasətinin növbəti addımı kimi nəzərdən keçirilməlidir.

Bundan əlavə, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng su anbarı ilə əlaqəli addımlar da Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinə xidmət edir, işğal edilmiş ərazilərdə məskunlaşdırılmaq üçün daha çox etnik erməninin cəlb edilməsi məqsədini güdür.

Ermənistanın özünün təhrikedici qanunsuz fəaliyyəti və təxribat məqsədli bəyanatları ilə beynəlxalq ictimaiyyətin, ilk növbədə isə Azərbaycan dövlətinin və ictimaiyyətinin səbrini sınağa çəkməyə son qoymalıdır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi birmənalı olaraq bildirir ki, Azərbaycan Respublikası özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, konstitusiya quruluşunun müdafiəsi, vətəndaşlarının təhlükəsizliyinin və hüquq və azadlıqlarının təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan istifadə etməklə bütün zəruri addımları atmaq əzmində və qətiyyətindədir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanın bölgədə vəziyyəti məqsədyönlü gərginləşdirməyə və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması imkanlarını tamamilə məhv etməyə yönəlmiş bu təhrikedici cəhdləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini məlumatlandırıb. Ermənistanın qeyd edilən davranışına adekvat qiymət verilməsi, onun bütövlükdə region üçün ciddi təhlükəli fəsadlara gətirib çıxara biləcək addımlardan çəkindirilməsi və münaqişənin dinc yolla nizama salınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi (822 (1993), 853 (1993), 874 (1993), 884 (1993)) və ATƏT-in qərarları əsasında siyasi-hüquqi çərçivəsi müəyyən edilmiş danışıqlar prosesinə qaytarılması vacibdir.

Xarici İşlər Nazirliyi bundan sonra da Ermənistanın qanunsuz fəaliyyətinin dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində bütün siyasi diplomatik mexanizmlərdən istifadə etməklə zəruri addımları atacaqdır.

Arxiv üzrə axtarış

xin diplomatic service