2020-07-22 14:39:25

No:186/20, Koreya Respublikası Hökumətinin Azərbaycan Respublikasına tibbi vasitələrin təqdim olunması mərasiminə dair AR XİN Mətbuat xidməti idarəsinin məlumatı

Cari ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Koreya Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş tibbi maskaların təhvil-təslim mərasimi keçirilib.

Tədbirdə AR Xarici işlər nazirinin müavini Ramiz Həsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış ediblər.

AR Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan və Koreya arasında qarşılıq anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun hökm sürdüyünü, Azərbaycanın epidemiya ilə apardığı mübarizənin ilk günlərindən Koreyanın Azərbaycan ilə həmrəylik nümayiş etdirdiyini, maddi və mənəvi dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb. Koreya Respublikası tərəfindən Azərbaycanın müxtəlif qurumları üçün virusla mübarizə mövzusunda mütəmadi video seminarların keçirildiyini qeyd edən R.Həsənov Koreya Respublikası Hökuməti tərəfindən Azərbaycan Respublikası Hökumətinə tibbi maskaların təhvil verilməsinin Azərbaycan xalqı ilə həmrəylik rəmzi olduğunu qeyd edib və bu yardıma görə Xarici İşlər Nazirliyi adından təşəkkürünü bildirib.

Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op bugünkü tədbirin koronavirus pandemiyası kimi qlobal böhranla mübarizədə Koreya və Azərbaycan əlaqələrinin yeni bir mərhələyə qədəm qoyaraq, gücləndiyi çox mənalı bir tədbir olduğunu diqqətə çatdırıb. Səfir Tong Op təqdim edilən maskaların Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasında köməklik, ölkələrimiz arasında dostluğun simvolu və Koreya xalqının Azərbaycan xalqına qarşı bəslədiyi sevginin nişanəsi kimi tarixə yazılacağını arzuladığını ifadə edib. Sonda Səfir Azərbaycan dövlət başçısının təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail olması münasibətilə Azərbaycanı təbrik edib. O, Azərbaycanda koronavirus infeksiyasının yayılmağa başladığı gündən bu günədək onunla mübarizə aparan bütün əlaqədar dövlət təşkilatlarının fədakarlıq, səy və bacarıqlarına, eləcə də Azərbaycan xalqının böhranla mübarizə qabiliyyətinə öz dərin hörmətini bildirib və Azərbaycanın bu mübarizədə qalib gələcəyinə inamını ifadə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova dünyada qlobal böhrana çevrilən bu problemə qarşı beynəlxalq birliyin həmrəyliyə və əməkdaşlğa ehtiyac duyduğunu bildirib, bu mübarizədə səylərin birləşdirilməsinin və birgə addımların atılmasının, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsinin bəşəri bəlanın neytrallaşıdırlmasında önəmli olduğunu bildirib. N.Bayramova hal hazırda bütün dünyanın öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəltdiyi bir vaxtda Azərbaycan və Koreya hökumətlərinin sıx əməkdaşlıq əlaqələrinə sadiq qalaraq həmrəylik nümayiş etdirdiklərini məmnunluqla qeyd edib.

Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya Respublikasının səfiri Kim Tonq-op tərəfindən “Koreya Respublikası Hökumətinin Azərbaycan Respublikası Hökumətinə epidemiya əleyhinə yardım məqsədilə gətirilmiş əksepidemik vasitələrin Təhvil-Təslim Aktı” imzalanıb.

Arxiv üzrə axtarış

xin diplomatic service