news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 iyul 2020

No:174/20, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb

17 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.

Nazirlər arasında ikitərəfli formatda başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Görüş zamanı Azərbaycan Xarici İşlər naziri macarıstanlı həmkarını səmimiyyətlə salamlayıb və nazir Peter Siyartonun təbriklərini qəbul edib.

Nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə edib və ikitərəfli münasibətlərin bir sıra istiqamətlərdə, o cümlədən iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi üçün səylərin əsirgənilməyəcəyini vurğulayıblar.

Nazir C.Bayramov bölgədə olan vəziyyət, xüsusilə Ermənistanın son təxribatı, bölgədə gərginləşən vəziyyətin kökündə məhz Ermənistanın işğalçılıq siyasətinin dayandığı, 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğal altında saxlandığı və məhz bu səbəbdən də bölgədə gərginliyin müşahidə olunduğu barədə qarşı tərəfi məlumatlandırıb. Beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu qətiyyətli mövqeyə istinad edən Ceyhun Bayramov əfsuslar olsun ki, qəbul olunan qərar və qətnamələrin həyata keçirilmədiyini bildirirərək, ikili standartların müşahidə edildiyini təəssüf hissi ilə bildirib. Ermənistanın iki dövlət sərhədində son hərbi təxribatı və bölgədəki mövcud vəziyyətlə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir C.Bayramov bölgədə davamlı sülh və təhlükəsizliyin, rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən macar Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə  bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto  Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.  

Nazirlər mövcud qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Nazir P.Siyarto COVİD-19 ilə mübarizəyə dair BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü təşəbbüsün Macarıstan tərəfindən dəstəkləndiyini məmnunluqla qeyd edib və bütün dünyanın hazırda əziyyət çəkdiyi bu pandemiya ilə mübarizə həsr olunacaq sessiyanın təşkil olunması təşəbbüsünün Macarıstan tərəfindən olduqca yüksək qiymətləndirdiyini bildirib. Bu xüsusda nazir Ceyhun Bayramov Azərbaycan dövlət başçısının COVİD-19 pandemiyası ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün Macarıstan tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib.

Tərəflər, Azərbaycanın Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında mühüm rolu barədə fikir mübadiləsi aparıblar. Macarıstan naziri Macarıstanın Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan qaz təminatı layihələrindən faydalanmaq marağını ifadə edib.

Görüşdə, habelə iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə edilib.

İki ölkə arasında mövcud olan pozitiv səfərlər və mübadilələr dinamikasının gələcəkdə də davam etdiriləcəyindən əminlik ifadə edilib.

Nazirlər, həmçinin Türk Şurası çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edib, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində dəstək və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə toxunan P.Siyarto Macarıstanın Aİ ilə Azərbaycan arasında aparılan yeni saziş üzrə danışıqların tezliklə yekunlaşmasının tərəfdarı olduğunu qeyd edib.

Görüşün sonunda P.Siyarto azərbaycanlı həmkarını pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra Budapeştə rəsmi səfərə dəvət edib.

Görüşdən sonra iki nazir tərəfindən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Macarıstan insan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstan Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yadım haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Macarıstan İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” sənədlərini imzalanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti