2020-06-25

No:144/20, Azərbaycanın işğal altında olan ərazilərində törədilən yanğınların “Azersky” peyki vasitəsilə  monitorinqinə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin birgə mətbuat açıqlaması

Azərkosmos-un “Azersky” peyki vasitəsilə bu ilin iyun ayı ərzində Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən törədilən yanğınların monitorinqi nəticəsində alınan təsvirlərin təhlilinə əsasən, Azərbaycanın Tərtər rayonunun işğal altında olan, Ermənistanın mövqeləri istiqamətində təmas xəttinə yaxın Göyarx kəndi və kəndin yaxın ətrafında yanğınlar törədilib. Bu günədək əldə olunan peyk təsvirlərinin analizinə əsasən sözügedən ərazidə törədilən yanğınlar 866 hektar sahəni əhatə edir.

Həmçinin, cari ilin iyun ayının əvvəlindən bu günə qədər Azərbaycanın işğal altında olan Ağdam rayonunun Xıdırlı, Seyidli, Sarıcalı və Yusifcanlı yaşayış məntəqələri, Xocavənd rayonunun Muğanlı yaşayış məntəqəsi, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və Horadiz yaşayış məntəqələri ətrafında geniş miqyaslı yanğınların törədildiyi müşahidə olunub. Ermənistan tərəfinin törətdiyi bu ekoloji terror nəticəsində yanğının yayılma sahəsi 2422 hektara çatmışdır. Hazırda qeyd edilən ərazilər üzrə “Azersky” peyki vasitəsilə gündəlik monitorinqlər davam etdirilir.

Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Ermənistanın bu qanunsuz fəaliyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalın davam etdirilməsi və möhkəmləndirilməsi, bu ərazilərin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.

Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətə cəlb olunan bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqlar Azərbaycanın nəzarətinə qaytarılacaq. İşğalçı Ermənistan isə Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir.

Arxiv üzrə axtarış

xin diplomatic service