No:141/20, AR XİN Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Elmar Məmmədyarovun Beynəlxalq Frankofoniya Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri i

Cari ilin 24 iyun tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) üzv və müşahidəçi statusuna malik olan 18 ölkənin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə videokonfrans formatında görüşü keçirilib.

Görüş zamanı Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Azərbaycan Respublikasının Xarici İşlər naziri və BFT-yə tam hüquqlu üzv, assosiativ üzv və müşahidəçi statusuna malik ölkələrin nümayəndələri arasında təşkil edilən bu ilk görüşə görə minnətdarlığını ifadə edib.

Səfir, həmçinin koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar yaranmış hazırkı durumda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin istər koronavirusa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıqda, istərsə də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusla əlaqələndirmə işində vacib rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində, Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusla mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq mövzusunda xüsusi sessiyasının çağırılması təşəbbüsü, habelə fransız dilinin Azərbaycanda yeri və təşviqindən danışıb.

Nazir, həmçinin səfirlərin suallarını cavablandıraraq, koronavirus infeksiyası ilə bağlı vəziyyət, Azərbaycanın dövlət sərhədlərinin yenidən açılması və beynəlxalq uçuşların bərpası perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir Elmar Məmmədyarov fransızdilli səfirlər qrupunun Azərbaycanda hər il ənənəvi təşkil edilən “frankofoniya həftəsi” tədbirlərinə dəvətini məmnuniyyətlə qəbul etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti