2020-05-20 15:30:00

No:113/20, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İspaniya Krallığının Xarici İşlər naziri Arança Qonzalez Laya ilə telefon söhbəti baş tutub

Cari ilin 20 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun İspaniyalı həmkarı xanım Arança Qonzalez Laya ilə telefon söhbəti olub.

İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində birgə səylərin və həmrəyliyin əhəmiyyətini vurğuladı və Azərbaycanın Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə verdiyi həmrəylik ismarışına görə öz təşəkkürünü bildirdi. Xanım nazir, həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə Azərbaycanlı həmkarına təşəkkürünü ifadə etdi.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd etdilər. Ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunmuş dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq BMT çərçivəsində əməkdaşlığını vurğuladılar.

İki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin yaxın gələcəkdə imzalanması və bu xüsusda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Tərəflər, habelə ölkələr arasındakı müqavilə hüquq bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazirlər, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə mədəni əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini səsləndiriblər.

 

Arxiv üzrə axtarış

xin diplomatic service