news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2020

No:098/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda çıxışı

Qeyri-rəsmi tərcümə

 

Xarici İşlər naziri Elmar Məmmədyarovun

"Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda çıxışı

8 may 2020-ci il

Cənab Sədr,

Zati-aliləri,

Çıxışıma Avropada II Dünya Müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş bu vacib görüşü təşkil etdiyi üçün Təhlükəsizlik Şurasının Estoniya sədrliyinə təşəkkür etməklə başlamaq istərdim.

Keçmişin dərslərindən ibrət götürərək, müharibə və insan əziyyətlərinin qarşısını almaq məqsədi ilə bütün üzvlərini birgə qaydalara əsaslanan dünya nizamı ilə bir-birinə bağlayan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır və hesab edirik ki, bu görüş üzv dövlətlərə nəcib təşkilatımızın Nizamnaməsində əks olunan məqsəd və prinsiplərə sadiq qaldıqlarını bir daha təsdiqləmək üçün geniş bir fürsət verir.

Faşizm əleyhinə koalisiyanın bütün üzvləri kimi, Azərbaycan da qələbə üçün böyük töhfələr və qurbanlar verib. Azərbaycan 640 mindən çox cəsur kişi və qadınını cəbhəyə göndərdi. Onların təxminən yarısı evlərinə qayıtmadı. Milli Azərbaycan bölmələri Avropa ölkələrində də nasizmə qarşı mübarizədə nümunəvi bir cəsarət nümayiş etdirdi.

Qələbə yalnız döyüş bölgəsində deyil, arxa bölgələrdə də əldə edildi. Qısa müddət ərzində Azərbaycan döyüş sursatı və silah istehsalına başlamış, döyüş bölgələrindən köçürülmüş sənaye obyektlərinin fəaliyyət göstərməsinə şərait yaratmışdır. Müharibə dövründə Sovet İttifaqında istehsal olunan neftin dörddə üçü və aviasiya yanacağının 90 faizini təmin etməklə Azərbaycan müharibədə qələbəyə əvəzsiz töhfə verdi.

Nasizm üzərində qələbə üçün çox şeyi qurban verən və İkinci Dünya müharibəsinin dəhşətlərini xatırlayan bir ölkə olaraq, biz bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən abidə və memorialların ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Ölkəmiz BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, o, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Təəssüf hissi doğurur ki, tarixin bizə keçdiyi acı dərslərə baxmayaraq, BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər, xüsusən dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hədə və ya güc tətbiq edilməsinin qadağan edilməsi pozulmaqda davam edir və bununla da dünyanın bir çox yerində sülh və təhlükəsizliyə xələl gətirir.

Avropada nasizm üzərində Qələbə Mayın 8-də qeyd olunsa da, bu tarix, həmçinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qədim Şuşa şəhərinin işğal olunaraq, etnik təmizləməyə məruz qaldığı gündür və ölkəmin tarixində faciəli günlərdən birini təşkil edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təqribən beşdə birini təşkil edən Dağlıq Qarabağ bölgəsi və qonşu rayonlar artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Yüz minlərlə azərbaycanlı zorla öz evlərindən didərgin düşüb və işğal nəticəsində məcburi köçkünə çevrilib. Azərbaycan ərazilərinin işğalı ilə bağlı, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildi. Bu qətnamələrin hələ də yerinə yetirilməməsi təəssüf doğurur.

Məcburi tələbləri ehtiva edən Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas vəzifəsinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. Bu gün yeni vəhşiliklərin qarşısını almaq üçün II Dünya Müharibəsindən əldə olunan dərsləri və Təhlükəsizlik Şurasının məsuliyyətini müzakirə edərkən Birləşmiş Millətlər Təşkilatının əsas qurumlarının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini, eləcə də bunun üçün cavabdehliliyi bir daha vurğulayırıq.

Təşəkkür edirəm.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti