news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 oktyabr 2019

No:311/19, AR XİN Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Erməni KİV-də Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı məlumat yayılıb. Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindəki bu fəaliyyətinə dair münasibətinizi öyrənmək istərdik.

Cavab: Bundan öncə də dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulmuş, çoxsaylı abidələrimiz dağıdılmış, talan edilmişdir və hazırda Ermənistan tərəfindən abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirilməkdədir.

Bu xüsusda vurğulamaq istərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESCO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub.

Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən "təmir olunması" bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini "bərpa" edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.

Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz.

___

Начальник Управления пресс-службы МИД АР Л.Абдуллаева отвечает на вопрос СМИ

Вопрос: Армянские СМИ сообщили о завершении ремонтных работ в мечети Верхняя Говхарага в Шуше. Хотелось бы узнать ваше мнение относительно этой деятельности армянской стороны на оккупированных территориях Азербайджана.

Ответ: Как мы уже неоднократно отмечали, в результате оккупации Арменией территорий нашей страны историческому, материально-культурному наследию и религиозным памятникам Азербайджана нанесён значительный ущерб, многие из наших памятников были разрушены и разграблены, и в настоящее время Арменией проводится политика искажения происхождения и изменения назначения наших памятников.

Прежде всего, хотела бы подчеркнуть, что отчёты, основанные на конкретных фактах, связанных с уничтожением Арменией исторического и культурного наследия нашей страны в оккупированных ею Нагорном Карабахе и прилегающих районах Азербайджана, до настоящего времени были представлены ключевым международным организациям, в частности ЮНЕСКО, а также ООН, ОБСЕ, Совету Европы, Организации Исламского Сотрудничества (ОИК) и ИСЕСКО. Как известно, в рамках Организации Исламского Сотрудничества регулярно принимаются резолюции об уничтожении и осквернении на оккупированных в результате агрессии Армении территориях Азербайджана объектов исторического и культурного наследия, а также храмов, относящихся к исламской религии. Последняя такая резолюция была принята в 2019 году на 46-й встрече министров иностранных дел ОИК в Абу-Даби.

«Реставрация» Арменией мечети Верхняя Говхарага (Джума) в Шуше, построенной в XIX веке по приказу Говхараги, дочери правителя Карабаха Ибрагима хана, является частью политики страны-оккупанта по присвоению материальных, культурных и религиозных памятников на территории Азербайджана и изменению их происхождения. Таким образом, путём «восстановления» мечети Говхарага страна-агрессор, пытаясь представить эту мечеть в качестве персидской, стремится бросить тень на тот факт, что Шуша является древним азербайджанским городом.

«Реставрируя» сегодня мечеть в Шуше, Армения, проведшая полную этническую чистку на оккупированных азербайджанских землях путём изгнания местных мусульман-азербайджанцев из их домов и земель, пытается продемонстрировать своё якобы уважение к религиозным ценностям, что является не чем иным, как лицемерием. Страна, уважающая религиозные и светские ценности, не фальсифицирует историю, восстанавливая религиозные объекты, которые сама и разрушила.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti