Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və qeydiyyatı

 

Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı

Ölkəmizin mövcud qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirlir.

Müvafiq uçotun və qeydiyyatın aparılmasının əsas məqsədi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsidir.

Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır.

Bunun üçün uçota (qeydiyyata) alınan vətəndaşın aşağıdakı sənədləri skan olunaraq Nazirliyin mkon3@mfa.gov.az elektron ünvanına göndərilməlidir:

  1. uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi yaşayan vətəndaş üçün nəzərdə tutulmuş elektron forma və ya uçot (qeydiyyat) zamanı xarici ölkədə müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş elektron forma.
  2. rəngli fotoşəkil (3,5 x 4,5 ölçülü).
  3. şəxsiyyətini təsdiq edən (ümumvətəndaş pasportun) sənədin surəti.
  4. vətəndaşın xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) sənəd.
  5. yaşadığı ölkədə işləməsi barədə rəsmi sənəd (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir).

Bildiririk ki, Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları müvafiq sənədləri təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərməlidirlər.

Arxiv üzrə axtarış

xin diplomatic service