ATƏT-in insan ölçüsü

ATƏT-in İnsan Ölçüsü

İnsan haqları

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir. 2002-2005-ci illərdə ATƏT-in DTİHB Avropa Komissiyası ilə birlikdə Cənubi Qafqaz ölkələrində 3 illik “Münaqişələrin qarşısının alınması və insan hüquqları sahəsində imkan quruculuğu” adlı proqram həyata keçirmişdir. Proqram penitensiar sistemin islahatı və penitensiar sistem işçilərinin treninqi, insan hüquqları sahəsində yerli QHT-ləri treninqi, insan alverinə qarşı mübarizə sahəsində QHT-lərə dəstək göstəriməsini əhatə etmişdir.

“Ekstremal şəraitdə polis və jurnalist münasibətləri” mövzusunda Bakıda və ölkənin bir sıra digər regionlarında ATƏT və AR Mətbuat Şurası tərəfindən birgə tədbirlər təşkil edilmişdir. Hazırda ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması, habelə hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə etmək məqsədilə respublikanın bir sıra şəhər və rayon polis orqanlarında eksperiment qaydasında “İctimai polis” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində ATƏT-in təşəbbüsü ilə polis orqanlarının bir sıra əməkdaşları bəzi Avropa ölkələrində təcrübə keçmişlər.

2018-ci il 10-21 sentyabr tarixində Varşavada ATƏT-in İnsan Haqları üzrə növbəti İllik Yığıncağı keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman),  Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı təmin edilmiş və bu istiqamətdə müvafiq koordinasiya işləri həyata keçirilmişdir.

2019-cu ildə Azərbaycan ATƏT və ATƏT / DTİHB ilə insan hüquqları sahəsində effektiv əməkdaşlığı davam etdirmişdir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər (seminarlar, təlimlər, təcrübə mübadilələri, müxtəlif nəşrlərin dərci və s.) təşkil edilmişdir. İl ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrinin insan haqları və təhlükəsizliyi, milli azlıqlar üçün ədalətin əlçatanlığı ilə bağlı beynəlxalq tədbirlərdə, habelə seçki proseslərinin izlənməsi və seçkilərin müşahidəsində iştirakı təmin olunmuşdur. ATƏT-in dəstəyi ilə vətəndaş cəmiyyətinin inkişafı, söz və fikir azadlığı, gender bərabərliyi, qadınlara qarşı zorakılıqla mübarizə azad və ədalətli seçkilər və s. kimi müxtəlif sahələrdə vacib layihələr həyata keçirilmişdir.

Seçkilər        

Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini təmin edən və aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT/DTİHB və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. 2002-ci ilin dekabrında Seçki Məcəlləsinin layihəsi Azərbaycan hökumətinin, müxalifətin, beynəlxalq təşkilatların və cəmiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT / DTİHB tərəfindən təşkil edilmiş dəyirmi masalarda müzakirə olunmuşdur. Televiziya vasitəsilə yayımlanan bu dəyirmi masaların nəticəsi olaraq, vətəndaşlar Seçki Məcəlləsinə dair məlumat əldə etdilər. Tədbirlərin məntiqi nəticəsi olaraq Seçki Məcəlləsi 2003-cü ilin may ayında qəbul edildi və Prezidentin imzaladığı gündən sonra qüvvəyə minmişdir.  

Azərbaycan Respublikası Hökumətinin rəsmi dəvəti ilə DTİHB 11 aprel 2018-ci ildə keçirilmiş erkən prezident seçkiləri üçün Seçki Müşahidə Missiyasını (SMM) yerləşdirmişdir. DTİHB-in SMM Bakıda yerləşən 10 beynəlxalq ekspertdən ibarət idi. Bundan əlavə, DTİHB ATƏT-ə üzv ölkələrdən 30-dan çox uzunmüddətli və 280 qısamüddətli müşahidəçiləri ölkəyə yerləşdirilməsini xahiş etmişdir. Müşahidəçilər namizədlərin qeydiyyatını, kampaniya fəaliyyətlərini, seçki administrasiyası və müvafiq hökumət orqanlarının işini, seçki qanunvericiliyini və onun tətbiqini, media mühitini və seçki ilə bağlı mübahisələrin həlli işini izləmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service