Humanitar və sosial məsələlər

Humanitar və sosial sahədə çoxtərəfli əməkdaşlıq

Humanitar sahədə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini Ermənistanın hərbi təcavüzündən əziyyət çəkmiş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi təşkil edir. Bu istiqamətdə mühüm təşəbbüslərimizdən biri BMT Baş Assambleyasının sessiyalarında hər iki ildən bir irəli sürülən və BMT üzvləri tərəfindən konsensusla qəbul edilən “İtkin düşmüş şəxslər” qətnaməsidir. Münaqişə nəticəsində Azərbaycan tərəfindən minlərlə insanın itkin düşdüyünü nəzərə alaraq, ölkəmiz bu problemin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmasını vacib hesab edir. Qətnamə dövlətlərarası silahlı münaqişələr zamanı itkin düşmə probleminin müxtəlif aspektlərinə toxunmaqla, dövlətləri beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməyə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görməyə, bu sahədə səmərəli preventiv addımlar atmağa, itkin düşmüş uşaqlar probleminə xüsusi həssaslıqla yanaşmağa və s. çağırır.

Bu istiqamətdə həyata keçirilən digər addım BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasında ölkəmizin əsas müəllifliyi ilə iki ildən bir irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamənin BMT üzvləri tərəfindən qəbul edilməsidir. Qətnamədə, qadın və uşaqların münaqişələr zamanı işgəncəyə məruz qalması, girov götürülməsi, öldürülməsi və insan alverinə məruz qalması halları pislənir, müvafiq preventiv işlərin həyata keçirilməsi tələb olunur.

Ermənistanın təcavüzündən əziyyət çəkmiş vətəndaşlarımızın müdafiəsi, xüsusilə də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq etdiyimiz təşkilatlardan biri Beynəlxalq Qızıl Xaç Komitəsidir (BQXK). Təşkilat 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərir. 2008-ci ildən BQXK ilə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barədə ante-mortem məlumatların toplanması istiqamətində iş aparılır. 2014-cü ildən başlayaraq itkin düşmüş şəxslərin ailə üzvlərindən DNT nümunələrinin toplanması üzrə layihə həyata keçirilir. Təşkilat itkin düşmüş şəxslərin ailələrinə psixoloji dəstəklə bağlı layihələr də həyata keçirir. BQXK münaqişə nəticəsində əsir və girov düşmüş və ya saxlanılmış şəxslərin mübadiləsi prosesində neytral vasitəçilik rolunu həyata keçirir, həmçinin müharibənin təsirinə məruz qalmış icmaların su təchizatını yaxşılaşdırmaqda və ailə təsərrüfatlarının dəstəklənməsində  yardım edir. Bundan əlavə, hərbçilər, jurnalistlər və tələbələr arasında beynəlxalq humanitar hüquq sahəsində biliklərin artırılması BQXK-nin fəaliyyət istiqamətlərindən birini təşkil edir. 

BQXK nümayəndələri azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraitinin qəbul edilmiş standartlara uyğunluğunu təşviq etmək üçün həbsxanalara baş çəkir. BQXK-nin həbsxanalarda vərəm xəstəliyinin müalicəsi ilə bağlı Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihə bu sahədə dünyada nümunəvi təcrübələrdən biri olmuşdur.

Azərbaycan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə də səmərəli əməkdaşlığa malikdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas tərkib hissəsindən biri olan və 190 milli qızıl xaç və qızıl aypara cəmiyyətlərini özündə birləşdirən Federasiya dünyanın ən iri miqyaslı humanitar təşkilatıdır. 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş Federasiya məcburi köçkün və qaçqınlara ərzaq və qeyri-ərzaq malları ilə yardımlar göstərmiş, köçkün düşərgələrinin tibbi, təhsil, infrastruktur, sanitariya və su kimi sosial ehtiyaclarının ödənilməsinə köməklik etmişdir. 2018-ci ildə Federasiyanın Baş katibinin ölkəmizə səfəri zamanı təşkilatla Azərbaycan hökuməti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış fəlakət riskinin idarə edilməsi, milli cəmiyyətin imkan quruculuğunun artırılması, səhiyyə, Qızıl Xaç və Qızıl Aypara şəbəkəsinin gücləndirilməsi və Hərəkatın fundamental prinsiplərinin yayılması istiqamətləri üzrə əməkdaşlıq edilməsinə dair razılığa gəlinmişdir. Hazırda Federasiya COVID-19 pandemiyası və Ermənistanın təcavüzündən əziyyət çəkən insanlara dəstək istiqamətlərində Azərbaycan hökumətinin səylərini dəstəkləyir və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin potensialının gücləndirilməsinə yardım edir. 

Ermənistanın təcavüzünün nəticələrindən ən çox əziyyət çəkən insanların məcburi köçkünlər olduğunu nəzərə alaraq, onların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq iş aparılır, onların öz evlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi daim gündəmdə saxlanılır. Bir çox beynəlxalq təşkilatların sənədlərində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə könüllü və təhlükəsiz qayıtmaq hüququ təsbit olunmuşdur. Bununla yanaşı, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının sosial problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən nümunəvi təcrübə kimi qiymətləndirilmişdir. 2020-ci ildə Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsindən sonra məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və könüllü qayıdışını təmin etmək üçün ərazilərin minalardan təmizlənməsi və infrastrukturun bərpası istiqamətində iş aparılır və bu istiqamətdə müvafiq beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir.

Azərbaycan Respublikası məcburi köçkünlərin sosial problemlərinin həlli üçün uzun illər müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıq etmişdir. 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərən BMTQAK  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların yaşayış səviyyəsinin gəlir gətirən fəaliyyət növləri vasitəsilə artırılması istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləmişdir. Məcburi köçkünlər, qaçqınlar, vətəndaşlığı olmayan şəxslər və sığınacaq axtaran şəxslərə yardım və himayə ilə yanaşı, BMTQAK həmçinin Azərbaycan hökumətinə milli sığınacaq sisteminin yaradılmasında, qaçqın statusu və vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində, Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Cenevrə Konvensiyası və onun 1967-ci Protokolundan irəli gələn öhdəliklərin yerinə yetirilməsində yardım etmişdir. 2012-ci ildən Azərbaycan BMTQAK İcraiyyə Komitəsinin üzvüdür.

Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində əməkdaşlıq edilən təşkilatlardan biri də Beynəlxalq Miqrasiya Təşkilatıdır (BMqT). Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” adlı layihə hazırda bu sahədə beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə icra olunan əsas layihələrdən biridir.  

Qeyd edək ki, sərhəd idarəçiliyinin və miqrasiya proseslərinin idarə edilməsinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi istiqamətdə  Azərbaycan BMqT ilə yanaşı, Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) ilə də sıx əməkdaşlıq edir. BMqT həmçinin insan alverinə qarşı mübarizə sahəsində potensialların artırılmasında Azərbaycanın əsas beynəlxalq tərəfdaşlarından biridir. Avropa İttifaqı ilə miqrasiya sahəsində əməkdaşlıq təşkilatla Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamənin, eləcə də sadələşdirilmiş viza rejimi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrasına yönəlmişdir. Avropa İttifaqının maliyyə dəstəyi ilə ICMPD tərəfindən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsi həyata keçirilməkdədir.

Azərbaycan miqrasiya sahəsində Almatı, Budapeşt və Praqa prosesləri çərçivəsində də Avropa və Asiya ölkələri ilə əməkdaşlıq edir.

 Təhsilin cəmiyyətimizin inkişafındakı əhəmiyyətini nəzərə alaraq, müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı ilə bu sahədə əməkdaşlıq humanitar sahədə beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.  “Azərbaycanda məşğulluq üçün təhsil” proqramı vasitəsilə Avropa İttifaqı ölkəmizdə peşə təhsili və ali təhsilin təkmilləşdirilməsinə yardım edir. Avropa İttifaqı tərəfindən peşə təhsilinin islahatına verilən dəstəyin nəticəsi olaraq bu sahədə regionlarda bir sıra layihələr həyata keçirilir. Bundan əlavə, Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir və ölkəmiz Avropa İttifaqının TAİEX və Twinning alətlərindən yararlanır.

Təhsil sahəsində Azərbaycan YUNESKO, Avropa Təlim Fondu, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasi, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutu və digər təşkilatlarla da əməkdaşlıq edir.

Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin 4-cü məqsədi olan inklüziv və keyfiyyətli təhsilin təminatı və hər kəs üçün həyatı boyu öyrənmək imkanlarının təşviq edilməsinə qlobal səviyyədə də töhfə verərək, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələrdən gənclərin Azərbaycanın ali təhsil müəssisələrində təhsil alması üçün qrantlar verir.   

Azərbaycanın multikulturalizm ənənələrinin dünyaya tanıdılması və mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi də Azərbaycanın xarici siyasətində önəmli yerlərdən birini tutur. Xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə başlamış “Bakı Prosesi” çoxsaylı beynəlxalq tədbirlər və layihələr vasitəsilə sivilizasiyalar və dinlər arasında dialoqun inkişafına böyük töhfələr verməkdədir və bu BMT Baş katibinin 72/488 saylı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində də öz əksini tapmışdır. 2016-cı ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu prosesin uğurlarından biridir. Bakıda bu sahədə keçirilən beynəlxalq miqyaslı tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forumunun xüsusi yeri vardır.

Mədəniyyət sahəsində Azərbaycan Avropa İttifaqının Twinning proqramından yararlanır, həmçinin YUNESKO, İSESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu və digər təşkilatlarla da əməkdaşlıq edir.

Humanitar sahədə Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNDRR), BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və Beynəlxalq Mülki Müdafiə Təşkilatı (ICDO) ilə də əməkdaşlıq edilir.

Sosial sahədə beynəlxalq əməkdaşlıq isə əsasən Beynəlxalq Əmək Təşkilatı (BƏT),  Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Əhali Fondu (UNFPA) və s. ilə münasibətlərin inkişafına yönəlmişdir.

Azərbaycan 1992-ci ilin may ayından Beynəlxalq Əmək Təşkilatının tam hüquqlu üzvüdür və onun 58 Konvensiyasına qoşulmuşdur. Təşkilatla ölkəmizin əməkdaşlığı 3 əsas istiqamət üzrə aparılır: sosial dialoq sisteminin təkmilləşdirilməsi; institutsional islahatlara dəstək; praktiki əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi. BƏT-lə əməkdaşlıq ölkəmiz üçün beynəlxalq təcrübəyə əsaslanaraq əmək qanunvericiliyi normalarının işlənib hazırlanması, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsi, təhlükəsiz əmək şəraitin yaradılması və sosial müdafiənin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının yeni Məşğulluq Strategiyasının (2017-2030) hazırlanmasında BƏT tərəfindən aktiv texniki dəstək göstərilmişdir.

Azərbaycan Respublikası 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına üzv seçilmişdir.

Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Uşaq Fondudur (YUNİSEF). Təşkilat 1993-cü ildən ölkəmizdə fəaliyyət göstərir. YUNİSEF-lə əməkdaşlıq hazırkı ölkə proqramı çərçivəsində həyata keçirilir. Bu proqram BMT-nin Uşaq hüquqları Konvensiyasında təsbit olunmuş əsas uşaq hüquqlarının və Azərbaycanın müxtəlif inkişaf strategiyalarında uşaqlarla bağlı əks olunmuş müddəaların yerinə yetirilməsində, o cümlədən əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv təhsil kimi sahələrdə ölkəmizə dəstək göstərilməsini nəzərdə tutur. YUNİSEF uzun illər ölkəmizdə sovet dövründən qalma uşaq evləri sisteminin uşaqlara yeni qayğı sistemi ilə  əvəz edilməsi (de-institutlaşdırma), yuvenal ədliyyənin inkişaf  etdirilməsi, məktəbəqədər hazırlığın əhatə dairəsinin genişləndirilməsi, ana və körpə sağlamlığı və s. sahələrdə Azərbaycan hökumətinin səylərinə dəstək vermişdir. Təşkilat Ermənistanın təcavüzünün təsirlərinə məruz qalmış ərazilərdə uşaqların mina təhlükəsi barədə məlumatlandırılması sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Azərbaycan 1994-cü ildən BMT-nin Əhali Fondu (UNFPA) ilə də sıx əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq UNFPA-nın hazırkı ölkə proqramlarına uyğun olaraq üç istiqaməti əhatə edir: cinsi və reproduktiv sağlamlıq; əhalinin dinamikası; gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması. Gender bərabərliyinin təşviqi və məişət zorakılığının qarşısının alınması sahələrində Azərbaycan UNFPA ilə yanaşı Avropa Şurası, BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasi, BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə xüsusi məruzəçisi və sair təsisatlarla da əməkdaşlıq edir.

Sosial sahədə beynəlxalq əməkdaşlığın mühüm hissəsi olan səhiyyə istiqamətində əməkdaşlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlər xüsusi önəm daşıyır. 1994-cü ildən ölkəmizdə ofisi fəaliyyət göstərən ÜST ilə əməkdaşlıq yoluxucu və peyvəndlə qarşısı alına bilən xəstəliklərə qarşı mübarizə, immunlaşdırma, beynəlxalq səhiyyə qaydalarının tətbiqi və s. istiqamətlərdə qurulmuşdur. 2018-ci ilin iyulunda ÜST-ün Baş direktorunun Azərbaycana səfəri çərçivəsində “Dayanıqlı inkişaf məqsədlərinin icrası kontekstində səhiyyə islahatları” adlı beynəlxalq konfransda iştirak etməsi və ÜST ilə Azərbaycan Hökumətinin birgə bəyanatının imzalanması təşkilatla münasibətlərimizin inkişafına öz müsbət təsirini göstərmişdir. Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə üçün ÜST-ə 10 milyon dollar yardım etmişdir.

Azərbaycan Respublikasının təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service