Çad

 Waving Flag of Chad (Animated Gif)

Çad Respublikası

Prezident: Zati-aliləri cənab İdriss Debi İtno

Parlament Sədri: cənab Harun Kabadi

Xarici İşlər, Afrika İnteqrasiyası və Xaricdə Yaşayan Çadlılar naziri: cənab Amin Abba Sidik

 

İkitərəfli münasibətlər

5 aprel 2004-cü il tarixində Azərbaycan Respublikası ilə Çad Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol imzalanmışdır.

2012-ci ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin(AİDA) rəisi Əşrəf Şıxəliyev Çad Respublikasında işgüzar səfər etmişdir.

17-24 iyun 2013-cü il tarixlərində AIDA tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Çadın paytaxtı Ndjamenada humanitar aksiya keçirilmişdir. Afrikanın sərt səhra iqlimi, havanın daima kirlənməsi və səhiyyənin oftalmologiya sahəsində mütəxəssislərin çatışmazlığı səbəbindən, bu humanitar aksiyalar ərzində, Çadda görmə ilə problem olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 532 insan isə ödənişsiz əsasda əməliyyat olunaraq dünyanı bir daha yenidən görmək imkanı əldə etmişdir. Bununla yanaşı, yerli oftalmoloqlar üçün ixtisasartırma təlimləri də təşkil edilmişdir.

17-21 noyabr 2014-cü il tarixlərində AİDA rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) tərəfindən donor ölkələrinin nümayəndələri üçün Çada təşkil olunan səfərdə iştirak etmişdir. Səfərə UN OCHA-nın Cenevrə idarəsinin direktoru Rəşid Xalikov, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin humanitar məsələlər üzrə müavini Heşam Yusif və Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi başçılıq etmişdir. Səfərin təşkilində əsas məqsəd Çadda davam edən humanitar vəziyyətlə tanışlıq və ölkəyə göstərilən yardımların əlaqələndirilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur.

21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə iştirakı zamanı səfir Elman Abdullayev Çadın Xarici İşlər naziri cənab Musa Faki Məhəmməd ilə görüş keçirmişdir. Səfir E.Abdullayev nazir Musa Faki Məhəmmədi Çadın Afrika İttifaqının Sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş və Çadın sədrliyi müddətində Azərbaycan Respublikası ilə Aİ arasında münasibətlərin yeni müstəviyə qədəm qoyacağına və bu istiqamətdə Çadın öz səylərini əsirgəməyəcinə ümidvar olduğunu bildirmişdir. Çadın Xarici İşlər naziri Afrika İttifaqı ilə Azərbaycan kimi inkişaf etmiş bir ölkə arasında münasibətlərin inkişafının qarşılıqlı şəkildə faydalı olacağına əminliyini bildirmişdir. Görüş zamanı, həmçinin iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

06 aprel 2018-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Çad Respublikasının Xarici İşlər və Afrika İnteqrasiyası naziri Mahamat Zene Şerifi qəbul etmişdir. Çadlı nazir ölkəmizdə olmasından məmnunluğunu vurğulamış və Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Çadda bir sıra layihələrin həyata keçirildiyini bildirən tərəflər ikitərəfli münasibətlərin inkişafı məqsədilə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyətini qeyd etmişlər. Görüş zamanı həmçinin elm, təhsil və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları məsələləri nəzərdən keçirimişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service