Qoşulmama Hərəkatı

Image result for non aligned movement

Hərəkatın Məqsəd və prinsipləri:

  1. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
  2. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
  3. Böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
  4. Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
  5. BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
  6. Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
  7. Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
  8. BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
  9. Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
  10. Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

 

Hərəkatın yaranma tarixi:

1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatın təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulmuşdur.

 

 Mənzil qərargahı:

Qoşulmama Hərəkatının daimi orqanı və mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. 

 

 Üzv dövlətlər:

Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

 

Qoşulmama Hərəkatı çərçivəsində keçirilən görüşlərin formatları:

QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri (Summit of Heads of State and Government of the Non-Aligned Movement) QH-nın ən ali toplantısıdır. Sammitlər 3 ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən azı bir ay əvvəl keçirilir. Sammitdən öncə Əlaqələndirici Büro Konfransa rəhbərlik edəcək Büronun tərkibini müəyyən edir. Sədr dövlətlə bərabər regional əsasda (8 Afrika, 7 Asiya, 4 Latın Amerika və Karib, 1 Şərqi Avropa) 20 sədr müavini seçilir. Sammitdən bir neçə gün əvvəl yüksək vəzifəli şəxslərin iclası və xarici işlər nazirlərinin görüşü keçirilir. Yüksək vəzifəli şəxslərin iclasında qəbul edilən qərar və sənədlərə xarici işlər nazirlərinin görüşündə baxılır və təsdiqləndikdən sonra qəbul edilməsi üçün sammitə təqdim olunur.

Aralıq Nazirlər Konfransları (Mid-term Ministerial Meeting) sammitdən 18 ay sonra keçirilir və sammitdə qəbul edilən qərarların icrası ilə bağlı vəziyyəti nəzərdən keçirir və növbəti sammitə hazırlıq işləri görür.

BMT Baş Assambleyasının ümumi debatları çərçivəsində nazirlər səviyyəsində görüşlər sentyabr ayında Nyu-Yorkda keçirilir.

 

 Qoşulmama Hərəkatına üzvlük proseduru:

QH-yə üzv olmaq istəyən dövlət Hərəkatın fundamental prinsiplərinə sadiqliyini ifadə etməli və Qoşulmama Hərəkatının Sədrinə yazılı müraciət etməlidir. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir.

 

 Azərbaycanın Hərəkata üzv olduğu vaxt:

Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.

 

Qoşulmama Hərəkatı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi:

09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilmiş və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə etmişdir.

30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşü keçirilmişdir. Sammit zamanı qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsində dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstəyi ifadə etmişdir.   

28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə QH-nin XVII nazirlər iclası keçirilmişdir. QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində və Marqaritada keçirilmiş Sammitin 500-cü bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini ifadə etmiş və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə etmişlər. 

4-6 aprel 2018-ci il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edilmişdir.

18-21 iyul 2019-cu il tarixlərində Venesuelanın Karakas şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər səviyyəsində növbəti iclası keçirilmişdir. İclasda AR Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. İclasın yekununda qəbul edilmiş Karakas Yekun Sənədi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki sənədlərdə əksini tapmış dəstək mövqeyini bir daha təkrarlamışdır.

25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə etmiş və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış etmişdir. Bununla əlaqədar olaraq, dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulamış və təsdiq etmişdir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər.

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul etmişdir. Sənəddə ərazilərin güc yolu ilə ələ keçirilməsinin qəbuledilməz olduğu vurğulanaraq, heç bir dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni olaraq hesab etmədiyi bir daha təsdiqlənir. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edilir. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə edir.

 

Azərbaycan Respublikasının Hərəkata Sədrliyi (2019-2022):

Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.

Sədrlik çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar www.namazerbaijan.org internet ünvanından əldə edilə bilər.

 

Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü - 4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur.

Hazırkı mürəkkəb beynəlxalq şəraitdə dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi sınağa çəkildiyi bir dövrdə, Qoşulmama Hərəkatının hazırkı sədri qismində ölkəmiz çoxtərəfliliyin təşviqi üzrə prioritetinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması və COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdir.

Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini  və 11 nazir səviyyəsində iştirak olmuşdur. 

Tədbirə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat qoşularaq çıxışlar etmişdir.

Tədbir zamanı həmçinin, BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətləri dinlənilmişdir.

Görüşün yekunu olaraq QH üzv dövlətləri tərəfindən Bəyannamə qəbul edilmiş və QH-nin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupu təsis edilmişdir. Qrupa QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service