Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)

Related image

TDƏŞ-in yaranma tarixi:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.

 

Məqsədləri:

TDƏŞ-in əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:

-tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

-regionda və dünyada sülhün bərqərar edilməsi;

-xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

-beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

-ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

-ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

-hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

-elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

-kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

-hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

 

Strukturu:

TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya  qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

-Dövlət Başçıları Şurası;

-Xarici İşlər Nazirləri Şurası;

-Yüksək Vəzifəli Şəxslər Komitəsi;

-Ağsaqqallar Şurası;

-Katiblik;

-Koordinasiya Komitəsi;

-Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi.

Dövlət Başçıları Şurasının iclasına  ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə  qədər TDƏŞ-ə sədrlik edir.

 

Mənzil-qərargahı:

TDƏŞ-in mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.

TDƏŞ-in Baş katibi:

Baş katib vəzifəsini 03 sentyabr 2018-ci il tarixindən etibarən Bağdad Amreyev icra edir.

Üzv dövlətlər:

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təşkilatın üzvləridir.

Müşahidəçi dövlətlər:

Macarıstan.

 

Əlaqəli orqan və təşkilatlar:

TÜRKSOY:Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm,  təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir. 

TÜRKPA: (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakı şəhərində yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası: 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci il tarixlərində TDƏŞ-in Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Nur-Sultan şəhərində yerləşir. Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri  türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi ilə yanaşı  dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondu: Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkekdə keçirilmiş II Zirvə Görüşündə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən  Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərir.

Türk Biznes Şurası: 2011-ci ildə təsis edilmişdir. Qurum TDƏŞ-ə üzv  ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Türk Ticarət və Sənaye Palatası: 2019-cu ildə təsis edilmişdir. Üzv  ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

 

TDƏŞ-in Zirvə Görüşləri:

TDƏŞ təsis edildikdən sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana) və Çolpan-Ata olmaqla altı zirvə görüşü keçirilmişdir.

TDƏŞ-in birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusunda 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

TDƏŞ-in ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşün mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

TDƏŞ-in üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ  şəhərində keçirilmişdir. Zirvə görüşün  mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

TDƏŞ-in dördüncü  Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusunda 4-5 iyun 2014-cü il tarixlərində Bodrum  şəhərində keçirilmişdir.

TDƏŞ-in beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusunda Nur-Sultan (Astana) şəhərində keçirilmişdir.

TDƏŞ-in altıncı Zirvə Görüşü 3 sentyabr 2018-ci il tarixində “Gənclər və İdman” mövzusunda Çolpan-Ata şəhərində keçirilmişdir.

TDƏŞ-in yeddinci Zirvə Görüşü 15 oktyabr 2019-cu il tarixində “Kiçik və Orta Sahibkarlığın Dəstəklənməsi” mövzusu adı altında Bakı şəhərində keçirilmişdir.

 

COVİD-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq:

TDƏŞ-in Dövlət Başçıları Şurasının Fövqəladə Zirvə Görüşü 10 aprel 2020-ci il tarixində videokonfrans vasitəsilə “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti               İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilmiş Zirvə Görüşündə Qazaxıstan Respublikasının Prezidenti Kassym-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban,                    TDƏŞ-in Baş Katibi Bağdad Amreyev və Ümümdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreisus iştirak etmişdir. Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur.

Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların tam səfərbər etməklə təlimatlandırılmışdır.

Dövlət Başçılarının təlimatlarına müvafiq olaraq TDƏŞ-ə üzv və müşahidəçi ölkələrin silsilə videkonfransları keçirilmişdir:

-Səhiyyə Nazirlərinin iclası, 28 aprel 2020;

-Nəqliyyat Nazirlərinin iclası, 30 aprel 2020;

-İqtisadiyyat/Ticarət Nazirlərinin və gömrükdən məsul qurumların rəhbərlərinin birgə iclası, 6 may 2020;

-Miqrasiyadan məsul qurumların rəhbərlərinin iclası, 7 may 2020.

 

Beynəlxalq əməkdaşlıq: 

TDƏŞ beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur. 

 

Azərbaycan - TDƏŞ münasibətləri:

4  təsisçi ölkələrdən biri olan  Azərbaycan  yarandığı ilk tarixdən etibarən TDƏŞ-lə sıx əməkdaşlıq edir.

Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etməkdədir. Xəzər dənizi və Qara dəniz  limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin  gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır.

16 avqust 2013-cü ildə Qəbələdə keçirilmiş üçüncü Zirvə Görüşündə Dövlət Başçıları Şurası türkdilli dövlətlər arasında  gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qruplarının yaradılmasını alqışlamışlar. Üzv dövlətlərin gömrük  orqanları rəhbərlərinin birinci görüşü 5 oktyabr 2012-ci ildə Naxçıvanda keçirilmiş, TDƏŞ gömrük  orqanları rəhbərlərinin  birinci görüşünə dair Bəyannamə imzalanmışdır.

Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərara əsasən turizm üzrə işçi qrupu yaradılmış və 10 dekabr 2013-cü il tarixində qrupun ilk iclası keçirilmişdir. Eyni zamanda 3-5 aprel 2014-cü il tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisi çərçivəsində ortaq fotoşəkil sərgisi təşkil edilmişdir. 10-11 aprel 2014-cü il tarixlərində İstanbulda turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ikinci, turizm nazirlərinin isə birinci iclası keçirilmişdir.

Ölkəmizin Təşkilata sədrliyi dövründə 22 noyabr 2013-cü il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilmiş, Mövlana mübadilə Proqramının(tələbə mübadiləsi) dəstəklənməsi, Türk Akademiyası tərəfindən  birgə tarix dərsliklərinin hazırlanması, texniki və peşə təhsili sahəsində əməkdaşlığa başlanılması, ali və təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. 

TDƏŞ çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 21 iyun 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmişdir. Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” və “Bakı Bəyannaməsi” qəbul edilmişdir.

Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələlərisahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDƏŞ xarici işlər nazirləri Şurasının görüşləri keçirilir. Eyni zamanda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində xarici işlər nazirlərinin qeyri-formal görüşlərinin keçirilməsi artıq ənənə halını almışdır.   

 2013-cü ildən başlayaraq üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməyə başlamışdır. Üzv ölkələrin yüksək vəzifəli şəxslərinin(xarici işlər nazirlərinin müavinləri səviyyəsində) ilk görüşü 2013-cü ilin aprel ayında Bakıda, ikincisi isə 2014-cü ilin mart ayında Nur-Sultanda keçirilmiş, Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi, Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilmişdir. 

TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Nur-Sultanda qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respüblikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar.

Azərbaycan TDƏŞ-lə yanaşı bu qurumun əlaqəli orqan və təşkilatları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır.

Arxiv üzrə axtarış

xin diplomatic service