Münaqişənin hüquqi aspektləri

SSRİ daxilində müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydaları SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edilmişdir. Belə ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin mərkəzi orqanlarının təsdiqi nəticəsində mümkün ola bilər. Bu müddəa Ermənistan SSR və Azərbaycan SSR Konstitusiyalarında da öz əksini tapmışdı.

Beləliklə, DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə birləşdirilməsinə dair 20 fevral 1988-ci il tarixli müraciətə cavab olaraq, Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Sovetinin Rəyasət Heyəti müvafiq olaraq 17 iyun və 18 iyul 1988-ci il tarixli qərarları ilə SSRİ Konstitusiyasının 78-ci maddəsini əsas gətirərək, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsini qəbuledilməz elan etdilər. 

Sözsüz ki, Ermənistan SSR DQMV-nin Azərbaycan SSR-dən ayrılmasının qanunvericilik vasitəsilə rəsmiləşdirilməsi cəhdlərində fəal iştirak edirdi. Bu müttəfiq respublikanın ali qanunverici orqanı SSRİ konstitusiyası və digər qanunverici sənədlərlə ziddiyyət təşkil edən bir sıra qərarlar qəbul etmişdir. Onlar arasında “Ermənistan SSR-i ilə Dağlıq Qarabağın birləşməsi haqqında” 1 dekabr 1989-cu il tarixli qərarı qeyd etmək olar.

Ermənistan parlamentinin bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə yönəldilmiş bu və digər müvafiq qərarlarından sonra Ermənistan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalı məqsədilə Azərbaycana qarşı hərbi təcavüzə başlamışdır.  

Öz işğalçı siyasətinə bəraət qazandırmaq üçün Ermənistan “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanuna istinad edir.

İlk növbədə bildirmək lazımdır ki, 3 aprel 1990-cı il tarixli Qanunun məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrılacağı təqdirdə riayət etməli olduqları xüsusi qaydalar yaratmaqla, SSRİ daxilində qarşılıqlı əlaqələri tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın ayrılma barədə qərarı həmin respublika əhalisinin referendum yolu ilə azad şəkildə ifadə olunmuş iradəsinə əsaslanmalı idi ki, bu qərar da daha sonra müttəfiq respublikanın ali qanunverici orqanı tərəfindən təsdiq olunmalı idi.

Xüsusilə qeyd etmək lazımdır ki, müttəfiq respublikanın SSRİ-dən ayrılması yalnız mürəkkəb və çoxmərhələli prosedurun yerinə yetirilməsi və nəhayət, SSRİ Xalq Deputatları Sovetinin müvafiq qərarının qəbulundan sonra qanuni hesab edilə bilərdi.

Bununla belə, Sovet İttifaqı beynəlxalq hüququn subyekti olaraq mövcudluğunu dayandırana kimi sözügedən Qanunun hüquqi qüvvəsi yox idi, çünki heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan SSRİ-dən ayrılmaq üçün orada təsbit olunmuş qaydalardan istifadə etməmişdir.

SSRİ-nin süqutundan sonra uti possidetis juris beynəlxalq hüquq prinsipi yeni müstəqil dövlətlərin sərhədlərinin beynəlxalq legitimliyinin əsasını təşkil etmişdir. Sözügedən prinsipə əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanındı və beynəlxalq hüququn mühafizəsi altına alındı. Bu hüquqi hal Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində də öz əksini tapmışdır.

Ermənistan öz separatçı iddialarını xalqların öz müqəddəratını təyin etmə prinsipi ilə əlaqələndirir. Lakin, məlum olduğu kimi, öz müqəddəratını təyin etmə hüququ hər hansı bir dövlətin tərkibindən ayrılmağa haqq qazandıran hüquq kimi yozula bilməz. Öz müqəddəratını təyin etmə prinsipini əsas gətirərək müstəqil Azərbaycanın tərkibindən zor gücü ilə ərazilərin ayrılması dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi hamılıqla qəbul olunmuş normaların, eləcə də beynəlxalq hüququn digər müvafiq müddəalarının və başlıca olaraq gücdən istifadəni qadağan edən prinsipin pozulması deməkdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service