2019-11-09
No:371/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb

Nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. 

Baş katib Bağdad Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə etdi və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirdi. Baş Katib TDƏŞ-ə artan marağı qeyd edərək, bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirdi.

Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrinin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd etdi.

Öz növbəsində nazir Elmar Məmmədyarov TDƏŞ gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək, təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir etdi.

Tərəflər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə etdilər.

 

növbəti xəbər əvvəlki xəbər