2019-10-23
No:333/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Keniya Respublikasının Xarici İşlər nazirinin müavinini qəbul etdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Keniya Respublikasının Xarici İşlər nazirinin müavini Ababu Namvambanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonağı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin zəruriliyini bildirdi.

Öz növbəsində, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən A.Namvamba sədrliyimiz dövründə Keniyanın ölkəmizin səylərini dəstəkləyəcəyini diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında keniyalı diplomatı məlumatlandıran nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin hələ də icra olunmadığını və beynəlxalq hüququn əsas prinsiplərinə bütün üzv dövlətlər tərəfindən hörmət olunmasının vacibliyini xüsusilə qeyd etdi.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

növbəti xəbər əvvəlki xəbər