2019-09-20
No:265/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğızıstan Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşdü

Macarıstana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi apardılar. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu vurğuladılar. İkitərəfli iqtisadi münasibətlərin inkişafı və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi üzrə fikir mübadiləsi aparıldı.

Nazilər, habelə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq, bu xüsusda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməsi tapşırığını verdilər.

Bakı şəhərində keçiriləcək qarşıdan gələn Türk Şurasının 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğız Respublikasının təmsilçiliyi məsələsi müzakirə olundu.

Görüşdə Nazirlər, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

növbəti xəbər əvvəlki xəbər