2019-09-03
No:236/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Nazir Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Ceyms Layl Şarpı qəbul etdi.

Nazir Elmar Məmmədyarov Səfir Ceyms Layl Şarpı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıldı və tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə etdilər.

Səfir Ceyms Layl Şarp Azərbaycana təyin olunmasından məmnun olduğunu və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırdı.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər