2019-07-25
No:215/19, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin mətbuat açıqlaması

Cari ilin 21 iyul tarixində Qoşulmama Hərəkatına (QH) hazırda sədrlik edən Venesuela Bolivar Respublikasının Karakas şəhərində Hərəkatın Nazirlər Şurasının iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib. İclas zamanı gündəlikdə yer alan digər məsələlər ilə yanaşı, QH-nin 21-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək 18-ci Zirvə Görüşünə hazırlıqla bağlı məsələlər müzakirə edilib.

Tədbirin sonunda Qoşulmama Hərəkatının məqsəd və prinsipləri ilə əlaqəli beynəlxalq sülh, təhlükəsizlik və sosial-iqtisadi inkişafa dair bir çox məsələlərin əks olunduğu yekun sənəd qəbul olunub.

QH Nazirlər Şurasının Yekun Sənədində Azərbaycan Respublikasının mövqeyini dəstəkləyən bənd öz əksini tapıb. Burada, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qaldığı, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etdiyi Nazirlər tərəfindən təsdiqlənir. Həmçinin sözügedən bənddə QH Nazirləri BMT Nizamnaməsində əks olunan gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyərək, tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanması axtarışını davam etdirməyə çağırırlar.

2012-ci ildən etibarən QH-nin qəbul etdiyi bütün sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.

 

növbəti xəbər əvvəlki xəbər